Mustafa bəy, siz Arif bəylə görüşə bilmisiniz? Məhbəsdə onun sağlıq durumu və əhval-ruhiyyəsi necədir?
Məhbəsdə olsa da biz onunla qanun çərçivəsində görüşlər keçirə bilirik. Ailə üzvləri ilə görüşlər verilir. Sonuncu dəfə dünən görüşmüşük. Səhhəti normaldır. Saxlanma şəraitindən şikayəti yoxdur. Bir müddət mətbuatı izləməsinə imkan verilmirdi. İndi bu maneə aradan qaldırılıb və mətbuatı izləyə bilir.
Arif Hacılı Azərbaycan milli azadlıq hərəkatının görkəmli simalarından, Azərbaycanın müstəqillik bəyannaməsinə imza atmış şəxslərdən biridir. Arif bəyin həbsinə cəmiyyətdən, partiyadaşarından gələn reaksiyalar barədə nə deyərdiniz?
Arif Hacılı kifayət qədər tanınan şəxsdir - həm milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olduğu üçün, həm də istiqlalçı deputat olduğu üçün. Eyni zamanda Arif Hacılının həbsinin siyasi motivli olduğunu hamı bilir. Buna cəmiyyətin münasibəti çox mənfidir. Bilirsiz ki, keçən il ərəb ölkələrində ərəb baharı başlamışdı və həmin ərəfədə Azərbaycanda da mitinqlərin başlanması bir nömrəli mövzuya çevrilmişdi. Ərəb baharı dalğasında Azərbaycanda ilk dəfə olaraq martın 11-də aksiyanın keçirilməsi ilə bağlı bir qup bitərəf gənclər təşəbbüs göstərmişdilər. Həmin aksiya polis tərəfindən dağıdılmışdı. Müstəqil bitərəf gənclərin ardınca Müsavat Partiyası mart ayının 12-də çox möhtəşəm bir aksiya keçirdi. Bundan sonra İctimai Palataya daxil olan bütün qüvvələr bu kütləvi hərəkata qoşuldular. Aprelin 2-də Bakıda çox möhtəşəm bir aksiya təşkil olundu. Bundan narahat olan hakimiyyət repressiyalara əl atdı. Cəmiyyətin Arif bəyin həbsinə münasibəti o üzdən mənfidir.
İkincisi, cəmiyyət dəyişikliklər istəyir və dəyişikliklər arzulayır və bu dəyişikliklərin yalnız kütləvi hərəkatla baş tuta biləcəyini başa düşür və kütləvi hərəkatın qarşısının alınması üçün hakimiyyətin repressiyalara əl atdığını və Arif Hacılının da bu repressiyaların qurbanı olduğunu dərk edir. Təəssüflə qeyd etmək istəyirəm ki, aprelin 2-dən sonra Azərbaycanda kütləvi hərəkat səngiyib, dayanıb. Və cəmiyyətdə də münasibət belədir ki, Arif Hacılı həbs olundu və ona görə də Azərbaycanda siyasi fəallıq azaldı və mitinqlər dayandı.
Bu gün həbs olunanların böyük əksəriyyətini gənc fəallar təşkil edir. Həm yaşına həm də müxalifətlideri kimi göstəricilərinə görə Arif Hacılı bu baxımdan seçilir. Sizcə məhz Arif Hacılının hədəf alınmasına səbəb nədir?
Birinci səbəb məhz bu kütləvi hərəkatın təşkilində Arif Hacılının həm təşəbbüskar olması və onun özünün bu aksiyalarda fəal iştirak etməsi, onun qabaqda getməsidir. Arif Hacılı həmişə aksiyalarda öndə olubdur və buna görə dəfələrlə həbs olunubdur. Digər səbbələrdən biri Müsavat Partiyasının qurultayı ilə bağlıdır. Hakimiyyət prosesləri izləyir və müxalifət düşərgəsində ona qarşı daha prinsipial mövqe tutan, və daha mübariz mövqe tutacaq adamların artmasında maraqlı deyil. Müsavatda və cəmiyyətdə böyük nüfuza malik olan İsa Qəmbər partiyanın nizamnaməsinə və öz demokratik iradəsinə uyğun olaraq o, növbəti dəfə Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürməyəcəyini deyib. Hakimiyyət Arif Hacılının başqan seçilməsini əngəlləmək xətti tutaraq ona qarşı repressiyaya əl atdı. Arif Hacılıya qarşı iki il yarımlıq həbs müddəti təyin edilib, hökm çıxarılıb. Məsələnin başqa tərəfi də var ki, hakimiyyətin bu addımlarına adekvat olaraq təşəbbüslər irəli sürülüb ki, Arif Hacılını biz elə həbsdə ikən başqan seçək. İlk olaraq Müsavat Partiyasının divan üzvü Osman Kazımov onun başqanlığa namizədliyini irəli sürüb. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı onun namizədlyini dəstəkləyib. Eyni zamanda partiyanın digər önəmli simaları, Qubad İbadoğlu və məclis sədri Arzu Səmədbəyli Arif Hacılı həbsdə olduğu üçün ona qarşı namizədliklərini irəli sürməyəcəklərini bildiriblər. Hesab edirəm ki, hakimiyyətin Arif Hacılını hədəf seçməsi onun özünə qarşı yönələcək.
Arif bəyin məsləkdaşlarına, mübarizə yoldaşlarına sözü nədir? Nə demək istərdi?
Biz tez-tez görüşürük. Mən çox şadam ki, Arif Hacılı yüksək mübarizə əhval-ruhiyyəsindədir. O, məsləkdaşlarını bir addım da geri çəkilməməyə çağırır. Əksinə, siyasi fəaliyyəti daha da da gücləndirməyi, mintinqləri bərpa etməyi tövsiyə edir.