Accessibility links

İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm


İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm
İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci ildə Azərbaycanda dəyişikliklərin qaçılmaz olduğunu bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci ildə Azərbaycanda dəyişikliklərin qaçılmaz olduğunu bildirib. O 2011-ci ilin əsas siyasi yekunlarından danışıb.

Sual: 2011-ci ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz? 2011-ci ilin müxalifət üçün əsas siyasi yekunları nə olub?

Cavab: 2011-ci ilin əsas siyasi yekunları ilə bağlı danışmaq bir az çətindir. Çünki, 2011-ci ildə siyasi proseslər hələ tamamlanmayıb. Əslində, 2010-cu ildə saxta parlament seçkilərindən sonra çox ciddi siyasi proseslər başlandı. Bunun da ən ciddi nümunəsi demokratik düşərgənin toparlanmağa başlaması və İctimai Palatanın yaradılması oldu. 2011-ci il ərzində İctimai Palata həm özü təşkilatlanmağa, güclənməyə, həm ölkədə və dünya miqyasında qəbul olunmağa başladı, köklü demokratik dəyişikliklər uğrunda bir sıra addımlar atdı. Bunun da həm intellektual tərəfi, təkliflər hissəsi var. Xüsusən də “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi”, həm də kütləvi aksiyalar, etiraz aksiyalar məsələsi var. Bu proses başlandı, amma hələlik ölkədə demokratik proseslərə keçid başlanmayıb. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanmış proseslərin siyasi yekununu 2012-ci ildə xeyli dəyərləndirə biləcəyik. Çünki, proses davam edir, dünya dəyişir və bu dəyişən dünyada Azərbaycanın dəyişməməsi mümkün deyil. Beynəlxalq amillərə görə də bu mümkün deyil, çünki dəyişən dünyada Azərbaycanın da dəyişməsi zəruridir. Həm də Azərbaycanın özündə cəmiyyət artıq əvvəlki tək yaşamaq istəmir, cəmiyyət artıq mövcud vəziyyətlə barışmaq istəmir və cəmiyyət ciddi dəyişikliklər olmasını istəyir. Bunu biz, bütün əlamətləri ilə görür və dəyərləndiririk. Ona görə də hesab edirəm ki, 2011-ci ildə başlanan proseslər 2012-ci ildə ciddi nəticələr verəcək.

Sual: Azərbaycanın dövlət başçısı ötən ilin yekunları ilə bağlı çıxışında bildirdi ki, insan hüquqları, demokratiya sahəsində ciddi inkişaf var, 100 mindən çox yeni iş yerləri açılıb və yoxsulluğun səviyyəsi kifayət qədər aşağı düşüb. Siz necə hesab edirsiniz?

Cavab: İlham Əliyevin çıxışına diqqət yetirsəniz görərsiniz ki, o bəzi məsələlərdən danışanda faktları, rəqəmləri göstərməyə çalışır. O faktlar, rəqəmlər nə qədər həqiqətə uyğundur, bu başqa söhbətdir. Məsələn, deyəndə ki, 100 min yeni iş yeri açılıb, təqaüdçülərin sosial vəziyyəti yaxşılaşıb, pensiyalar 10 faiz artırılıb. Bunlar, pis və ya yaxşı rəqəmlərdir. Onlar ətrafında söhbət etmək, diskussiya aparmaq olar. Amma, İlham Əliyev demokratiya sahəsində irəliləyiş olub deyəndə heç bir fakt gətirmir, arqument səsləndirmir. Bunun özü də göstərir ki, bu sahədə formal olsa da addım atılmayıb. Bu baxımdan, təbii ki, insan hüquqları və demokratiya ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Təsadüfü deyil ki, Azərbaycan 2011-ci ildə bir çox göstəricilər üzrə dünyada avtoritarizmin, korrupsiyanın inkişaf etdiyi, insan hüquqlarının pozulduğu ölkələrin siyahılarında təəssüf ki, liderlik etdi. Elə, Azərbaycanın bu gün ən böyük problemi ölkədə azadlıqların, haqqın, ədalətin olmamasıdır. Çıxışla, sözlərlə heç kim bu situasiyanı təzələyə bilməz.

Sual: Ölkə başçısı həmçinin korrupsiyaya qarşı amansız mübarizə aparıldığını bildirib. Siz necə hesab edirsiniz?

Cavab: Təbii ki, bu o qədər qeyri-ciddi yanaşmadır ki, bunu şərh eləmək bəlkə də artıqdır. Çünki bu il ölkədə korrupsiya daha da genişlənib, daha da şiddətli xarakter alıb. Hakimiyyətin ən yüksək səviyyəli şəxslərindən başlamış, aşağı səviyyəli məmurlaradək elə bil ki, hakimiyyətdə olduqlarının son dövrlərindəki kimi özlərini hiss edərək qənimətçilik edirlər, qəddarlığı daha da artırıblar. Ölkədə insanların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması baş verir. Evlərin, daxmaların, istərsə də biznes obyektlərinin, böyük zavodlardan tutmuş kiçik sexlərə, emalatxanalara, dükanlaradək insanların mülkiyyətinin kütləvi şəkildə əlindən alınması, insanlara qarşı kütləvi haqsızlıq edilməsi faktı ortadadır. Arada-sırada hansısa bir həkimi, müəllimi, hansısa sıravi bir məmuru həbs edirlər. Məsələn Təhsil nazirliyində Orxan Kərimovu (Orxan Kərimov Təhsil nazirliyində şöbə müdirinin müavini olub-red) həbs edirlər, guya ki, korrupsiyanın başında duran bir adam kimi onu təqdim etməyə çalışırlar. Təbii ki, bunlar ciddi xarakter daşımır. Bu hərəkətlər korrupsiyaya qarşı mübarizə deyil, sadəcə korrupsiyaya qarşı mübarizə üçün görüntü yaradan addımlardır. Təbii ki, belə addımlarla heç kimi aldatmaq mümkün deyil. Ölkədə dəhşətli bir korrupsiya sistemi var. Bu sistemin başında İlham Əliyevin özü dayanır. Bu səbəbdən də hazırkı rejimin korrupsiyaya qarşı mübarizə aparması mümkün deyil .

Sual: 2012-ci il siyasi sahədə nə ilə yadda qala biləcək? Çünki, beynəlxalq təşkilatların vurğuladığı kimi, Azərbaycan 2012-ci ilə 17 vicdan məhbusu ilə keçdi.

Cavab: Onlardan biri, Cabbar Savalan buraxılıb. Hazırda 16 vicdan məhbusu və onlarla siyasi məhbus həbsxanalardadır. Hesab edirəm ki, 2012-ci ildə Azərbaycanda köklü dəyişiklərin olması qaçılmazdır. Hakimiyyət bu istiqamətdə addım atmaq şansını 2011-ci ildə qaçırdı. İlin sonunda bir çox hüquq müdafiəçiləri düşünürdü ki, hakimiyyət 2011-ci ildə əfv fərmanı ilə vicdan və siyasi məhbusların bir çoxunu azad edəcək. Hətta, belə optimis fikirlər səslənirdi ki, Azərbaycan 2012-ci ilə siyasi məhbus olmadan daxil olacaq. Hakimiyyət bu sadə addımı da ata bilmədisə, deməli hakimiyyətin bu istiqamətdə addım atmağa iradəsi yoxdur. Bu halda da təbii ki, cəmiyyətin fəallaşması və dəyişikliklərin xalqın iradəsi ilə, beynəlxalq birliyin təsiri ilə baş verməsi ehtimalı daha da artmaqdadır. İstənilən halda 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm. Cəmiyyətdə fəallaşmalıdır ki, bu dəyişikliklər sürətlə və itkisiz olsun.

Müəllifdən: Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ilin başlanması münasibəti ilə xalqa təbrik çıxışında ölkədə sürətli iqtisadi inkişafın olduğunu, insanların sosial vəziyyətinin durmadan inkişaf etdiyini, il ərzində 100 mindən çox yeni iş yerinin açıldığını, işsizlik səviyyəsinin 5,5 faiz olduğunu, yoxsulluğun səviyyəsinin 8 faizdən aşağı düşdüyünü bildirib. Dövlət başçısı 900 min pensiyaçının təqaüdünün 40 faiz artırıldığını deyib.Cənab Əliyevin sözlərinə görə, ölkədə demokratiya və insan hüquqları sahəsində də ciddi irəliləyişlər qeydə alınıb.

XS
SM
MD
LG