“İstənilən insan aclığın dördüncü həftəsində komaya düşə bilər”- Adil Qeybulla Bəxtiyar Hacıyevə baş çəkdikdən sonra bildirib

İctimai fəal Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 27 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 4-də tibb elmləri doktoru Adil Qeybulla təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb. 6 saatadək davam edən görüşdən sonra Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyevi müayinə edib.

Your browser doesn’t support HTML5

“İstənilən aclıq edən insan aclığın dördüncü həftəsində komaya düşə bilər”- Adil Qeybulla Bəxtiyar Hacıyevə baş çəkdikdən sonra bildirib

“Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəfliyi var. Amma komunakabellidir, huşu aydındır”.

O, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimləri ilə birgə Hacıyevi müayinə etdiklərini, hemodinamik göstəricilərini yoxladıqlarını deyib.

“Ona lazımi tövsiyyələr verdik. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimləri lazımi tədbirlər görürlər, onun səhhətini nəzarətdə saxlayırlar. Əgər icazə versələr yenidən Bəxtiyar Hacıyevi müayinə edəcəm”.

Həkim bildirib ki, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.

“Onun huşu aydındır. Mən onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək”.

O, Bəxtiyar Hacıyevin çəki itirdiyini, qan təzyiqinin və qanda şəkərin aşağı olduğuna diqqət çəkib.

“Bədəndə su itkisi olduğuna görə, adekvat qaydada bədənin sanki quruması baş verir. Çəki itirilməsinə səbəb olan əsas amillərdən biri budur. Aclığa uyğun olaraq çəki itirməsi, halsızlıq var. Əlbəttə lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin”.

Həkim Bəxtiyar Hacıyevin komaya düşməsini də istisna etməyib.

“Aclıq edən insanın komaya düşməsinin əsas səbəbi qanda şəkərin miqdarının aşağı düşməsidir. Bu baxımdan valideynləri haqlıdır. Yəni şəkərin enməsi, qanın qatılaşması tendensiyası var. Bunlar aclıq aksiyası zamanı müşahidə edilən əsas amillərdəndir. İstənilən aclıq edən insan aclıq aksiyasının üçüncü, dördüncü həftəsində qanda şəkərin aşağı düşməsindən, yəni qlükozanın qanda səviyyəsinin aşağı enməsindən komaya düşə bilər”.

Həkim deyib ki, ən qorxulu amil adinamiya fonunda (bədənin gücünün itirilməsi-red) baş verən komaya düşməkdir.

“Yəni mübadilə pozuntusu dərin davam edir, bədəndə geridönməz proseslər olur. Bəxtiyar Hacıyevdə hələlik o situasiya deyil”.

Adil Qeybulla Hacıyevin aclığı dayandırmadığını deyib.

“Aclıq aksiyası onun silahıdır. Biz ona qarışa bilmərik”, o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 27 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.