Accessibility links

Vəkillər Bəxtiyar Hacıyevlə görüşə buraxılmayıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 20 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 28-də vəkillər Zibeydə və Elçin Sadıqova Bəxtiyar Hacıyevlə görüşməyə imkan verilməyib. Vəkillər bildirib ki, onlara təcridxanada dezinfeksiya işləri aparıldığını və bu səbəbdən görüş olmayacağını bildiriblər.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, azı 2 gün ərzində Bəxtiyar Hacıyevdən xəbər ala bilməyəcək.

“Necə olacaq? Nə cür olacaq?! Nə edək? Hazırkı dövrdə hüquqi alətlər demək olar ki, tükənib. Qanunun tələblərini vecinə alan yoxdur. Cəmiyyət susqun və laqeyddir. Cəmiyyət qalsın bir tərəfə, tənqidçilər, vətəndaş cəmiyyəti təmsilçiləri, insan haqları fəalları ağızlarına su alıblar, oturublar yerlərində - nə yazırlar, nə etiraz edirlar, nə də dinirlər. Toplum qəhrəmanının addım-addım ölümə getdiyini sakitcə müşahidə edir. İnsanlar bu işlərin necə bitəcəyini, Bəxtiyarın sınıb-sınmayacağını, əfv diləyib-diləməyəcəyini maraqla izləyir. Belə şəraitdə beynəlxalq müstəvidə reaksiyalar da adekvat deyil, ya da zəifdir. Mötəbər siyasi və hüquqi mexanizmlər daha təsirli tədbirləri tətbiq etməyə tələsmir. Bu mühitdə Bəxtiyar məktub göndərir, “hər an quru aclığa keçib, hər şeyi bitirmək istəyirəm…” yazır”, o Facebook səhifəsində qeyd edib.

İki gün öncə vəkil Zibeydə Sadıqova Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhəti ağır olaraq qalır.

“Son gündə çəkisi 1,2 kiloqram azalıb. Dünən çəkisi 73,2 kiloqram idi. Ümumilikdə isə Hacıyev 12,5 kiloqram çəki itirib, hazırda 72 kiloqramdır. Bakı İstintaq Təcridxanasına daxil olanda çəkisi 84,5 kiloqram olub. Tez-tez huşunu itirir, nəfəs darlığı yaranır. Ayaq üstə dura bilmir. Güclü deyil. Məsələn, televizorun pultunu, stəkanı əlində saxlaya bilmir. Qan təzyiqi çox aşağı olur, 90/60, nəbzi 76-dır, bədən temperaturu da 35.9 selsiyə düşüb. Rəngi tam ağarıb. Mental olaraq güclü olmasına baxmayaraq aclıq artıq öz gücünü göstərir," vəkil qeyd edib.

Sadıqovanın sözlərinə görə, Hacıyev ötən gecələrdə bir neçə dəfə huşunu itirib, nəfəs darlığı yaşayıb.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 20 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq", o qeyd edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

XS
SM
MD
LG