Accessibility links

Vüqar Hacıyev: Qardaşım Bəxtiyar Hacıyev cəmiyyətdən ciddi dəstək gözləyir


Bəxtiyar Hacıyev (Mənbə VOA)
Bəxtiyar Hacıyev (Mənbə VOA)

Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 15 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 23-də Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev istintaq təcridxanasında onunla görüşüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə cəmiyyətə müraciət edərək Hacıyevin müdafiəsinə çağırıb.

Vüqar Hacıyev (Fotonu Vüqar Hacıyevin özü təqdim edib)
Vüqar Hacıyev (Fotonu Vüqar Hacıyevin özü təqdim edib)

Vüqar Hacıyev görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, qardaşı ilə görüşü bir saat yarımadək davam edib. O, qardaşının səhhətinin ağır durumundan narahatdır.

Vüqar Hacıyev: Qardaşım Bəxtiyar Hacıyev cəmiyyətdən ciddi dəstək gözləyir
please wait

No media source currently available

0:00 0:04:54 0:00

"Onun səhhətində ciddi geriləmə olduğunu gördüm. Gözləri çuxura düşüb. Həddən artıq çox arıqlayıb, zəifləyib. Yerişində taqətsizlik, halsızlıq, yorğunluq gördüm. Bəxtiyar oturub mənimlə söhbət edəndə, sifətinin və əllərinin rəngi tam ağarmış, barmaqlarının uc hissəsi qızarmış formada idi. O, stəkanı əlində saxlaya bilmədi. Buna baxmayaraq, Bəxtiyar səhhətindən ciddi narazılığını bildirmədi. Təbii ki, mən onu başa düşürəm, o məni böyük qardaş kimi həyəcanlandırmamaq üçün bunu edirdi", Vüqar Hacıyev qeyd edib.

Vüqar Hacıyev qardaşından aclığı dayandırmasını xahiş edib.

"Mən israrla aclığı dayandırmasını xahiş etdim. Dedim ki, bunu valideynlərimiz də, qohumlarımız da istəyir. O xahiş etdi ki, bir daha aclığı dayandırması ilə bağlı ona müraciət edilməsin. Sonadək aclığı davam etdirəcək. O, haqsız yerə, saxta ittihamlarla həbs edildiyini bildirdi".

Bəxtiyar Hacıyev deyib ki, artıq 40 gündən çoxdur həbsdədir və bu müddətin böyük hissəsini aclıq edib.

"Buna baxmayaraq heç bir istintaq hərəkəti aparılmır. Müstəntiq hər hansı formada sorğu-sual etmir. Çünki ittiham tam saxtadır".

Vüqar Hacıyev qardaşına istinadən deyib ki, Bəxtiyar Hacıyev təcridxanada həkim nəzarətində olmasına baxmayaraq, durum həddindən artıq problemlidir.

"Təsəvvür edin ki, iş günü başa çatdıqdan sonra təcridxanada bir nəfər feldşer saxlanılır. Hansısa xəstənin problemi yarananda həmin feldşerin ona çatması üçün 20-25 dəqiqə vaxt lazım olur. Yəni, 4000 məhbusa bir nəfər feldşer olur. Bəxtiyar qeyd etdi ki, onun halı gecə saatlarında pisləşsə və yaxud yıxılsa yaxşı halda 20-25 dəqiqəyə feldşer gəlib ilk tibbi yardım göstərə bilər. Bu da çox acınacaqlı bir haldır", o qeyd edib.

Qardaşının sözlərinə görə, Bəxtiyar Hacıyev cəmiyyətdən ciddi dəstək gözləyir.

"Çünki o, 40 illik ömrünün böyük hissəsini bu cəmiyyət üçün çalışıb. Cəmiyyətdə baş verən ədalətsizlikləri aradan qaldırmaq üçün çalışıb. Beynəlxalq təşkilatlarda, xarici ölkələrdə bu məsələləri qabardıb. Hökuməti tənqid edərək, hansısa formada əhalinin üzləşdiyi problemləri qabardıb. O, ciddi dəstək isətəyir və bu dəstəyin ardıcıl olmasını istəyir. Bəxtiyar bildirdi ki, onun həbsinin ikinci planda qalması üçün sosial şəbəkələrdə müxtəlif məsələlər qabardılır, videolar yayılır. Amma o istəyir ki, saxta ittihamla, hökumətin sifarişi ilə həbsini əhali ciddi etirazla qarşılasın. O, azadlığa çıxandan sonra fəaliyyətini ciddi şəkildə davam etdirəcəyini dedi".

Vüqar Hacıyev hökumətə müraciət edərək bildirib ki, Bəxtiyar Hacıyevi günahı olmadığı halda saxta ittihamla həbsdə saxlayıb beynəlxalq aləmdə ölkəni nüfuzdan salmaqdansa onu azadlığa buraxmaq daha yaxşıdır.

"Bəxtiyar dedi ki, hətta bu iş məhkəməyə çıxarılsa belə vəkillərinin və onun əllində işin siyasi sifariş olması ilə bağlı yetərli faktlar var. Məhkəmədə bu faktlarla ittihamın tam saxta olduğunu sübut edəcəklər. Ona görə də vəkillərin verdiyi vəsatətlər əsasında Bəxtiyarı sərbəst buraxsalar ölkənin nüfuzu üçün yaxşı olar. Mənim də müracətim ondan ibarətdir ki, qardaşımın həbsdə saxlanılması ölkəmizin imicinə xələl gətirir. Çünki onun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər edilir və ediləcək. Bu isə ölkəmizin imicinə ciddi təsir göstərəcək", o qeyd edib.

AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Bu arada, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycan cəmiyyətinə müraciət edib. O, müstəqil siyasətçi Bəxtiyar Hacıyevi xilas etmək üçün hamının səfərbər olmasını istəyir.

"Qəddar rejimin bu yüksək təhsilli, bacarıqlı, gənc siyasətçini təkləyib əzməsinə imkan verməməliyik. Rejim Bəxtiyar Hacıyevi əzməklə xaricdə təhsil alan gənclərə mesaj vermək istəyir ki, ölkəyə qayıtmayın, siz burada lazım deyilsiz. Burada yaşayan soydaşlarımıza mesaj vermək istəyir ki, ictimai-siyasi fəaliyyətə qoşulmayın. Bizim bu ölkəni necə talan etdiyimizi, bu xalqa necə divan tutduğumuzu görməyin, eşitməyin, anlamayın. Biz rejimin bu mənfur məqsədlərinə yetişməsinə imkan verməməliyik. Bəxtiyar Hacıyevin və ölkədəki bütün siyasi məhbusların azadlığını birlikdə və uca səslə tələb etməliyik", Əli Kərimli Facebook səhifəsində qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə Amerikanın Səsinin istintaqın aparılmaması ilə bağlı Bəxtiyar Hacıyevin dedikləri barədə sorğusuna cavab verməyib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 15 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə də 14 gün aclıq edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq" , o qeyd edib.

XS
SM
MD
LG