Accessibility links

Natalia Nozadze: "Bəxtiyar Hacıyev dərhal sərbəst buraxılmalıdır"


Amnesty International
Amnesty International

Ötən il dekabrın 9-da insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Bəxtiyar Hacıyev yanvarın 9-da həbsinə etiraz olaraq aclığa başladığını bildirib.

Beynəlxalq təşkilat olan Amnesty International hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbsini pisləyib. Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze Amerikanın Səsinə müsahibəsində Bəxtiyar Hacıyevin həbsində münasibət bildirib. O, həmçinin Azərbaycanda insan haqları vəziyyətinin ümumi durumunu və beynəlxalq ictimaiyyətin Bəxtiyar Hacıyevin sərbəst buraxılmasını təmin etmək üçün ata biləcəyi addımları şərh edib.

Nozadze bildirib ki, Bəxtiyar Hacıyev artıq uzun müddətdir siyasi fəaliyyətinə görə təqiblərə məruz qalır. O deyib ki, Hacıyev ötən il qaçırıldığını, pis rəftara məruz qaldığını bildirib və bu əməllərə görə hökumət rəsmilərinin məsuliyyət daşıdığını deyib. Nozadze həmçinin Bəxtiyar Hacıyevin 2011-2012-ci ildə hərbi xidmətdən yayınmaq ittihamı ilə həbs cəzası aldığını və Amnesty International-ın onu vicdan məhbusu elan etdiyini xatırladıb.

"Bütün bunlar onun həbsini daha da şübhəli edir, hətta bu, şəxsi mübahisə zəminidə olsa belə. Və onun üzləşdiyi ittihamlar (onlar səbəbilə o bir neçə il həbs cəzası ala bilər) onun ittiham olunduğu şeyə qeyri-mütənasibdir," o deyib.

"Bizim mesajımız odur ki, o, dərhal sərbəst buraxılmalıdır. Onun ədalətli mühakimə olunması təmin edilməlidir,"

Azərbaycanda insan hüquqlarının ümumi durumunu qiymətləndirən Nozadze, Amnesty International-ın uzun müddətdir Azərbaycanda ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı ilə bağlı narahatlıqlarının olduğunu bildirib. O, təşkilatın illərdir ki, hökumət tənqidçilərinin, insan haqları müdafiəçilərinin və hökumət əleyhdarlarının tez-tez uydurma və ya qərəzli ittihamlarla siyasi motivli təqibini sənədləşdirdiyini deyib.

"Ona görə də, bu iş də hökumətin öz tənqidçilərini susdurmaq və həbs etmək üçün istənilən bəhanədən istifadə etməyə can atdığı ümumi tendensiya ilə uyğundur," o bildirib.

ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı insan haqları məsələsini qaldırıb. Bu zəngin hər hansı bir nəticə verib-verməyəcəyinə dair suala cavab olaraq, Nozadze Azərbaycanın insan haqları təşkilatlarının və beynəlxalq ictimaiyyətin tənqidçilərinin siyasi motivli təqibi ilə bağlı narahatlığına qulaq asacağına ümid bəslədiyini deyib.

"Ancaq biz indiyə qədər bu vəziyyətdə əhəmiyyətli bir dəyişiklik görməmişik. Gördüklərimiz daha çox “fırlanan qapı” deyilən bir mənzərədir ki, burada siyasi motivli ittihamlarla həbs olunanların bəziləri azadlığa buraxılır və sonra yeniləri həbs olunur," o bildirib və bununla bağlı dəyişiklik və ya yaxşılaşmaya şahid olmadıqlarını deyib.

Onun fikrincə, beynəlxalq ictimaiyyət Azərbaycanla işləməli və insan hüquqları məsələlərini digər iqtisadi və ya sosial səviyyələrdə əməkdaşlıqla bağlı mülahizələr və razılaşmalarla bərabər səviyyədə qaldırmalıdır.

"Və istər iqtisadi, istərsə də digər növ əməkdaşlıqlar insan hüquqları mülahizələrini tapdalamamalı və ya onlardan üstün olmamalıdır," Nozadze deyib.

XS
SM
MD
LG