İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 26 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.
Fevralın 3-də Bəxtiyar Hacıyev təcridxanadan ailəsinə telefon zəngi edib. Hacıyevin qardaşı Vüqar Hacıyev Amerikanın Səsinə bildirib ki, səhhəti əvvəlki kimi ağır olaraq qalır.
“Onun səsi zəif idi. Danışanda ağrılarını hiss etdirməməyə çalışsa da, dedi ki, başgicəllənmələri var, gözləri qaralır. Bəxtiyar əleyhinə yönəlmiş məhkəmə qərarlarından narahatdır. Ailəmizin aclığı dayandırması ilə bağlı xahişini qəbul etmədi. Günahsız olduğunu və aclığı sonadək davam etdirəcəyini bildirdi”, Vüqar Hacıyev qeyd edib.
Bəxtiyar Hacıyev ictimaiyyətin və beynəlxalq təşkilatların onun həbsinə davamlı münasibət bidriməsinin vacibliyini deyib.
Öz növbəsində, Vəkillər Cavad Cavadov, Bəxtiyar Hacıyev (fəalın adaşı), Zibeydə Sadıqova, Elçin Sadıqov, Nemət Kərimli və Rövşanə Rəhimli professor Adil Qeybullanın Bəxtiyar Hacıyevin yanına buraxılması xahişi ilə Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib.
Dünən Hacıyevlə görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, Hacıyevin səhhətində çox ciddi ağırlaşmalar var.
"Çəkisi 14 kiloqramdan çox azalıb. Qan təzyiqi 90/65-dir. Qanda şəkərində enmə var, 56-dır. Koma təhlükəsi yarana bilər", o qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 26 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.
Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.