Accessibility links

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb


Hüquq müdafiəçisi: "Bəxtiyar Hacıyevin həbsi qanunsuzdur, bunu hamı bilir"
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Fevralın 1-də Bakının Xətai rayon məhkəməsində insan haqları üzrə fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət təmin edilməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.

"Hər zaman olduğu kimi, itiham tərəfi öz arqumentlərini fərziyyələr, ehtimallar üzərində qurmuşdu. Təəssüflər olsun ki, məhkəmə də bütün bunları nəzərə almadan növbəti ədalətsiz bir qərara imza atdı" - deyə o, vurğulayıb.

Onun sözlərinə görə, məhkəmə prosesinə ictimai fəal Bəxtiyar Hacıyev də gətirilib və səhhətində ciddi geriləmələr var.

Vəkil Rövşanə Rəhimli
Vəkil Rövşanə Rəhimli

"Bəxtiyarın səhhəti kifayət qədər pisləşib. Yenə də çəki itirməyə davam edir. Başgicəlləmələri, ürək ağrıları, böyrək sancıları bütün bunlar aclığın fəsadlarıdır. Vəziyyəti kritik olaraq qalır. Bizim əsas istəklərimizdən biri də ondan ibarətdir ki, Bəxtiyar Hacıyev xəstəxanaya yerləşdirilməlidir".

Rövşanə Rəhimli Bəxtiyar Hacıyevin müayinəsi üçün həkimə müraciət edilsə də, hələlik cavab olmadığını da deyib.

Bundan əlavə vəkil birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verəcəyini də bildirib.

Öz növbəsində "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsini qanunsuz adlandırıb.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər

"Bəxtiyar Hacıyev vicdan məhbusudur. Artıq Amnesty International təşkilatı da onu vicdan məhbusu kimi tanıyır. Bəxtiyar Hacıyev xuliqanlıq maddəsi ilə həbs olunacaq şəxs deyil. Bəxtiyar Hacıyev şərlənərək həbs olunub. O həbsdə olmamalıdır. Azadlığa buraxılmalıdır. Ailəsinə qovuşmalıdır" , hüquq müdafiəçisi bildirib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 23 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

XS
SM
MD
LG