Aclıq aksiyası 5-ci gündür davam edir

Aksiyada iyirmidən çox insan iştirak edir

İctimai Palata “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçirdiyi aclıq aksiyası 5-ci gündür davam edir.

Belə ki, beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan 10 məhbus həbsxanalarda və 11 nəfər fəal isə Müsavat Partiyasının qərargahında aclıq edir. Bu gün həbsdə olan Zülfüqar Eyvazlı şəkərli diabetdən əziyyət çəkdiyindən yoldaşlarının təkidi ilə aclığı dayandırıb.

İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı Amerikanın Səsi radiosuna bildirib ki, Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyasına bu gün daha 6 nəfər qoşulub.

Bu günlərdə azadlığa çıxmış “vicdan məhbusu” Elnur Məcidli dünən aksiyaya qoşulub. Lakin, İctimai Palatanın üzvləri ondan təkidlə tələb ediblər ki, səhhətinin pis olması ilə əlaqədar aclığı dayandırsın.

İctimai Palata həbsxanada olan digər “vicdan məhbusları”nı da aclığı dayandırmağa çağırıb.
Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı isə prezident İlham Əliyevə müraciət edib. “Məlumdur ki, 12 may və 2 aprel dinc mitinqlərinin təşkilatçısı mənəm. Əgər bu hərəkətlər cinayət sayılırsa, onda digərlərinin cəzalandırılması böyük ədalətsizlikdir”, - deyə cənab Hacılı yazıb. O, dövlət başçısını vətəndaş barışığı və ölkənin beynəlxalq imici naminə digər məhkum olunmuşları azad etməyə çağırıb.