Aclıq aksiyası 11 gündür davam edir

Hazırda 8 nəfər aclıq edir

Müxalifət qüvvələrinin birləşdiyi İctimai Palatanın “Siyasi məhbuslara azadlıq!” tələbi ilə mayın 15-dən Müsavat Partiyasının qərargahında başladığı aclıq aksiyası davam edir.

İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı Amerikanın Səsi radiosuna bildirib ki, hazırda aksiyanı 8 nəfər davam etdirir. Bu gün daha bir neçə nəfərin aksiyaya qoşulacağı gözlənilir.
Həbsdə olan 12 vicdan məhbusu da mayın 20-dək aksiyada iştirak edib. Sonradan onlar müxtəlif təzyiqlər nəticəsində aksiyanı dayandırmalı olub. Buna baxmayaraq İctimai Palata aksiyanı hələ də davam etdirir.
2011-ci il aprelin 2-də İctimai Palatanın mitinqi ilə bağlı həbs edilən və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan 12 müxalif fəal hələ də həbsdədir.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbus olmadığını iddia edir. Hökumətin fikrincə, Azərbaycanda insanlar baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə həbs edilib.