Azərbaycanın əleyhinə casusluqda ittiham edilən şəxsin İordaniyada tutularaq gətirildiyi bildirilir

DTX əməliyyat keçirir (Arxiv foto)

DTX əməliyyat keçirir (Arxiv foto)

Bakı şəhəri Səbail Rayon Məhkəməsi "dövlətə xəyanət"də günahlandırılan Azərbaycan vətəndaşı Azər Bağırov barəsində həbs qətimkan tədbiri seçib.

Yerli mediada yayılan məlumatlarda deyilir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycana gətirilib.

“İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub”, Report agentliyinin məlumatında deyilir.

Məhkəmə Azər Bağırov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bununla yanaşı, Azər Bağırovun həbsi ilə bağlı rəsmi qurumlar məlumat yaymayıb.

Azər Bağırovun yaxınları və vəkilləri bu məlumatlara hələ münasibət bildirməyib.