Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Qərb institutları və region dövlətləri ilə münasibətlərindən danışıb.
Amerikanın Səsi: Bir sıra ekspertlər azərbaycanın Qərb institutlarına inteqrasiyasında geriləmələr olduğunu bildirir. Siz necə düşünürsünüz?
Nəsimi Məmmədli: Təbii ki, müəyyən geriləmələr var. Xüsusilə də son illər Azərbaycan hakimiyyəti Qərb universitetləri ilə məsafəli davranmağa üstünlük verir. Bu təkcə görüntü deyil, ölkə prezidentinin özünün də yerli televiziyalara verdiyi müsahibəsində bəyan etdi ki, bizim Avropaya inteqrasiya kimi bir niyyətimiz və planımz yoxdur. Heç bizi ortada gözləyən də yoxdur. Bizim əsas hədəfimiz Türk Dövlətləri Təşkilatı və qonşularla münasibətimizi dərinləşdirməkdir.
Amerikanın Səsi: Azərbaycan Rusiya və Qərb dövlətləri ilə münasibətlərini hansı prioritetlər əsasında qurur?
Nəsimi Məmmədli: Azərbaycan-Rusiya münasibətləri formal olaraq 2022-ci ilin fevralında imzalanmış strateji müttəfiqlik sazişi ilə tənzimlənir. Amma bundan əlavə iki dövlət prezidentləri arasında şəxsi dostluq münasibətləri öncəlik təşkil edir. Digər tərəfdən Rusiyanın da bu gün mənimsədiyi və tətbiq etdiyi inzibati-siyasi və hüquq sistemi var. Azərbaycan da daha çox onu özü üçün məqbul sayır. O standratlarda fəaliyyət göstərdiyi üçün daha çox münasibətlərdə hüquqi siyasi baxımdan da bir yaxınlıq var. Eyni zamanda humanitar sahədə də, iqtisadi sahədə də, təhlükəsizlik sahəsində də əməkdaşlığın dərinləşməsi istiqamətində mövqelər var. Qərb dövlətləri ilə bağlı münasibətlərdə də, bir neçə Qərb dövləti ilə formal olaraq belə strateji münasibhətləri tənzimləyən müqavilələr var. Amma əsasən Azərbaycan Qərblə münasibətlərdə öncəliyi özünün enerji resurslarının Qərb bazarlarına çıxarılmasında və onun təhlükəsiz şəkildə ora nəql edilməsində görür. Yəni münasibətlər bir tərəfdən siyasi-hüquqi istiqamətdə inkişaf edir, digər tərəfdən isə iqtisadi ticarət formasında davam edir.
Amerikanın Səsi: Azərbaycanın Rusiya və Qərb dövlətləri ilə siyasi münasibətləri barədə fikirləriniz necədir? Azərbaycan hökuməti Rusiya və Qərb dövlətlərinin maraqları arasında balansı saxlaya bilirmi?
Azərbaycan çox mürəkkəb coğrafiyada yerləşir. Bir tərəfimizdə Rusiya, digər tərəfəmizdə İran. Hər ikisi beynəlxalq münasibətlərdə böyük böhran yaşayır.
Nəsimi Məmmədli: Əvvəllər əlbəttə, bu balans var idi. Amma sonradan bu balansla bağlı da ölkə rəhbərliyinin özünün bəyan etdiyi bir kurs oldu. O səhv etmirəmsə, 2018-ci ilin prezident seçkilərindən sonra bəyan etdi ki, bizim balanslı siyasət dövrümüz bitdi. Biz bundan sonra milli maraqlarımızın tələb etdiyi siyasəti yürüdəcəyik. Amma bu siyasəti aparmaq bizim regionda çox çətindir. Azərbaycan çox mürəkkəb coğrafiyada yerləşir. Bir tərəfimizdə Rusiya, digər tərəfəmizdə İran. Hər ikisi beynəlxalq münasibətlərdə başqa dövlətlərlə böyük böhran yaşayır. Eyni zamanda insan hüquq və azadlıqları ilə bağlı münasibətdə çox kəskin davranışı ilə seçilir. Belə dövlətlərlə bir arada olub, tamamilə milli maraqları həyata keçirən siyasət yürütmək çətindir. Ona gərə də balanslı siyasət mən düşünürəm ki, Azərbaycanda vacibdir. Bundan da imtina edilməsi çətin görünür. Azərbaycan bu gün də balanslı siyasət aparır, amma əvvəlki qədər deyil. Rusiya ilə münasibətlərdə daha çox siyasi nöqteyi-nəzərdən, Qərblə münasibətlərdə ticarət nöqteyi- nəzərdən davam edir. Eyni zamanda Qərbdən mütamadi olaraq səslənən insan hüquq və azadlıqları, demokratiya ilə bağlı çağırışlar da Azərbaycan hakimiyyətində narahatlıq yaradır.
Amerikanın Səsi: Azərbaycanın son illərdə Avropa İttifaqı, NATO ilə münasibətlərində hansı yeni nüansları qeyd edə bilərsiniz? Bunlar irəliyə, yoxsa geriyə doğru addımlardır?
Nəsimi Məmmədli: Əslində münasibtələrdə geriyə doğru tendensiya hiss olunur. Biz xatırlayırıq hələ 1996-cı ildə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzlanandan sonra Azərbaycan da öz üzərinə öhdəlik götürmüşdü ki, Avropa hüquq sisteminə, seçki sisteminə inteqrasiya, mülki hüquqla bağlı öhdəlikləri yerinə yetirəcək. Ora inteqrasiya kursunu götürəcək. Amma 28 il vaxt keçib, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Müsbət addım yoxdur. Avropa İttifaqı ilə strateji sazişlərin imzalanması nəzərdə tutulurdu. Bu saziş hələ də imzalanmayıb. NATO ilə sülh tərəfdaşlıq proqramı çərçivəsində bir münasibətlər tənzimlənirdi. Düzdür o davam edir. Amma intensivlik aşağı düşüb. Azərbaycan deputatlarının AŞPA-da iştirakı ilə bağlı daha ciddi problem qalır. Sanki belə bir görüntü var ki, həm Azərbaycan, həm də Qərb institutları qarşılıqlı olaraq bu münasibətləri aşağı salıblar.