Makron Azərbaycanı Fransaya müdaxilədə günahlandırıb, rəsmi Bakı cavab verib

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı Fransaya qarşı “qəbuledilməz müdaxilər”də günahlandırıb. Rəsmi Bakı Fransa Prezidentinin səsləndirdiyi fikirlərin “qəbuledilməz” olduğunu bildirib.

Yanvarın 6-da Parisdə səfirlər konfransında çıxışı zamanı hazırda dünyada demokratiyanın təhdidlərə məruz qaldığını və qeyri-stabilliyin hökm sürdüyünü deyən Makron Fransanın özünün Azərbaycan tərəfindən hücumlara məruz qaldığını vurğulayıb.

“Fransanın özü son aylarda əksər dənizaşırı ərazilərində, xüsusən də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücuma məruz qalıb”, Emmanuel Makron deyib və əlavə edib ki, Fransanın beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyini anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür.

Rusiyanı öz qonşularına qarşı təhdidlərdə günahlandıran Makron daha sonra Azərbaycan-Ermənistan münaqişəsinə işarə edərək deyib ki, Moskva Ermənistanla müttəfiqlik əlaqələrinə kəskin dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəkləyib.

Rəsmi Bakı cavab olaraq Fransa Prezidentinin Azərbaycanla bağlı səsləndirdiyi “növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaların” qəbuledilməz olduğunu bildirib və Fransanı Cənubi Qafqaz regionunda sabitliyi pozmaqda günahlandırıb.

“Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı”, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

XİN sözçüsü əlavə edib ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi “haqq-ədalət müharibəsi” yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.

SEE ALSO: Fransa Azərbaycanın səfirini, Azərbaycan isə Fransanın səfirini XİN-ə çağırıb

Azərbaycan-Fransa ikitərəfli münasibətləri İkinci Qarabağ müharibəsi fonunda pisləşməyə başlayıb. 2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan arasında sərhəddə qanlı toqquşmalardan, daha sonra Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və yerli erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən əməliyyatlardan sonra Fransanın Ermənistana açıq siyasi və hərbi dəstəyinin artırması ilə daha da gərginləşib.

Paris Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda və Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə, Bakı isə Fransanı Azərbaycanda separatçılığa dəstək verməkdə və Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlamaqda günahlandırıb.

2023-cü ilin dekabrında Azərbaycan Fransanın Bakıdakı səfirliyində fəaliyyət göstərən iki diplomatını ölkədən çıxarıb. Fransa cavab olaraq eyni addımı atıb.

Digər tərəfdən, Fransa Azərbaycanı dənizaşırı ərazilərinin daxili siyasətinə müdaxilə etməkdə, həmçinin may ayında Fransanın Yeni Kaledoniya ərazisində baş verən iğtişaşlar zamanı sosial şəbəkələrdə Fransanı hədəf alan qaralama kampaniyası aparmaqda günahlandırıb.

Münasibətlərin korlanmasından bəri Azərbaycanda ən az iki Fransa vətəndaşının həbs edilməsi fonunda rəsmi Paris ötən il sentyabrın 4-də ikili vətəndaşlar da daxil olmaqla, öz vətəndaşlarına əsassız saxlanılma və həbslər, ədalətsiz mühakimə riski ilə üzləşə biləcəklərini qeyd edərək Azərbaycana səfər etməməyə çağırıb.

Rəsmi Bakı öz növbəsində Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib və iddiaların əsassız olduğunu vurğulayıb.

Tərəflər arasındakı gərginlik ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından da (COP29) yan keçməyib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda COP29-un açılış günlərində Fransa və Niderlandı neokolonizmdə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasında və ətraf mühitin çirkləndirilməsində ittiham edib.

COP29-a Fransanın baş müzakirəçisi kimi qatılmalı olan nazir Anyes Panye-Rünaşe cavab olaraq Bakıya səfərini təxirə salıb.