Almaniya Prezidenti Frank-Valter Ştaynmayer: Faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyirəm”, başsağlığı məktubunda deyilir.

Almaniya prezidenti bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid etdiyini qeyd edib.

Macarıstanın Prezidenti Tamaş Şuyok da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Xatırlatma

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

Azərbaycan prezidentinin Rusiyaya qarşı irəli sürdüyü ikinci və üçüncü tələblə bağlı Rusiya tərəfi hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.