Məhkəmə siyasi tədqiqatçının həbs müddətini uzadıb

Bəhruz Səmədov

Bu günlərdə Səbail Rayon Məhkəməsi siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov barəsində həbs qətimkan tədbirinin martın 9-dək uzadılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə Səmədovun ailəsindən bildiriblər.

Bəhruz Səmədov ittihamı qəbul etmir və məhkəmədən bəraət istəyib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Siyasi tədqiqatçı avqustun 21-də həbs olunub. Avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.