Belçikanın beş fransızdilli universitetinin rektoru və Elmi Araşdırmalar Fondunun rəhbəri birgə bəyanat yayaraq azərbaycanlı tədqiqatçı Bəhruz Səmədovun həbsindən “dərin narahatlıq” ifadə ediblər.
Avqustun 21-də saxlanılan və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən siyasi tədqiqatçı, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur. Səmədov ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.
Luven Katolik Universiteti, Lyej Universiteti, Mons Univerisiteti, Namur Universiteti və Azad Brüssel Universitetinin rektorlarını bir araya gətirən Rektorlar Şurasının bəyanatında 29 yaşlı tədqiqatçının hazırda hakimiyyətdə olan rejim haqqında tənqidi və sərt fikirlər təqdim etməklə Azərbaycanda avtoritarizmlə bağlı araşdırma apardığı, müharibə əleyhinə çıxışlarına görə qarayaxma kampaniyasına məruz qaldığı bildirilir.
“Avropa təşkilatlarının himayəsi altında erməni həmkarları ilə görüşlərə qatıldığı üçün saxlanılan və dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov təqsirli bilinərsə, on iki ildən ömürlük həbsə məhkum olunma riski ilə üz-üzədir. Həbs zamanı Bəhruz Səmədovla psixoloji və fiziki pis rəftar edilib”, müəlliflər qeyd edir.
Belçika universitetləri sonda Bəhruz Səmədovla həmrəylik ifadə edib, bütün dünyada akademik azadlığa sadiqliklərini vurğulayıblar.
Daha əvvəl Azad Brüssel Universiteti (ULB) ayrıca bəyanat yayaraq Səmədovun həbsindən dərin narahatlıq ifadə etmiş və onun azad edilməsinə çağırmışdı.
Bununla yanaşı, bu günədək bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları, habelə ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Bəhruz Səmədov da daxil olmaqla, Azərbaycanda jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsini narahatlıqla izlədiklərini qeyd edib, Azərbaycan hakimiyyətini ədalətsiz yerə həbs olunanların hamısını azad etməyə çağırıblar.
Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.
Forum