Rep ifaçısı və siyasi məhbus Milad Cəlilinin səkkiz aylıq həbs cəzası başa çatıb. O, cəzasının son dörd ayını və 15 gününü elektron qandal nəzarəti altında həbsxanadan kənarda keçirib. Cəza müddəti keçən noyabrın 25-də sona çatıb.
HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Milad Cəlili iyun ayının 5-də səkkiz aylıq həbs cəzasının tətbiq edilməsi üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb, 11 iyulda elektron qandal taxılıb və 100 milyon tümən girov müqabilində şərti olaraq azadlığa buraxılıb.
Təbriz şəhərində yaşayan bu rep ifaçısı 28 noyabr 2023-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 29 yanvar 2024-cü ildə 300 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıb.
SEE ALSO: Milad Cəlili müvəqqəti azadlığa buraxılıbMilad Cəlili İran Azərbaycanında bir çox türk fəalın saxlanılması və uzun müddət təhlükəsizlik qüvvələrinin təcridxanasında nəzarətdə tutulmasına etiraz məqsədilə rep musiqisi ifa edərək Instagram səhifəsindən paylaşmışdı. Həmin rep ifasından sonra həbs edilən türk repçi "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə Təbriz İnqilab Məhkəməsi tərəfindən 8 ay həbs cəzasına məhkum edilmişdi. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi isə bu hökmü qüvvədə saxlamışdı.
Həbsdə olduğu müddətdə Milad Cəlili, Təbriz Mərkəzi Həbsxanasında saxlanılan digər siyasi məhbuslarla birlikdə, Evin həbsxanasında aclıq aksiyası keçirən milli fəallara həmrəylik nümayiş etdirmişdi.
Milad Cəlilinin cəza müddəti başa çatdıqdan sonra elektron qandalı çıxarılaraq şərtsiz azadlığa buraxılıb.