Accessibility links

Milad Cəlili müvəqqəti azadlığa buraxılıb


Güneyli repçi Milad Cəlili zaminə buraxılıb
Güneyli repçi Milad Cəlili zaminə buraxılıb

Təbrizli reper Milad Cəlili yanvarın 29-da Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkədə yaydıqları məlumata görə, Milad Cəlili məhkəmənin yekun hökmü çıxarılana qədər 300 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Bu azərbaycanlı sənətçiyə qarşı irəli sürülən ittihamlar “sistemə qarşı təbliğat fəaliyyəti” və “xalqı iğtişaşlara, müharibəyə və qətlə təşviq etməklə milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq” olub. Bu ittihamlar bu gənc reperə uzun müddət Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilən milli fəallara dəstək olaraq İnstagram səhifəsində bir rep mahnısı ifa etdiyi üçün irəli sürülüb.

Bu gün Cəlili azadlığa çıxanda bir qrup milli fəal bu gənc sənətçini həbsxananın qarşısında gül-çiçəklə qarşılayıb.

Rep ifaçısı Milad Cəlili keçən il noyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Kəşfiyyat İdarəsində sorğu-suala çəkilib. Daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüb, lakin məhkəmə onun müvəqqəti azadlığa buraxılması üçün qərar qəbul etməmişdi. Cəlili nəhayət bu gün 63 gün həbsdə saxlandıqdan sonra buraxılıb. Sənətçinin həbsindən bir müddət sonra İnstagram səhifəsi bağlanıb.

Yanvarın 27-də Təbriz İnqilab Məhkəməsində Milad Cəlili və digər milli fəal Salar Tahir Əfşarın məhkəməsi keçirilib və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat verilib.

Forum

XS
SM
MD
LG