Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi bir neçə ay əvvəl müvafiq olaraq 8 ay və 6 ay həbs cəzasına məhkum olmuş siyasi fəallar Milad Cəlili (Elşən) və Salar Tahir Afşarın şikayətlərini təmin etməyib.
Repçi Milad Cəlili və siyasi fəal Salar Tahir Afşar bir müddət əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən həbs cəzasına məhkum edilmişdilər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənəbələrə istinadən, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi ilkin hökmü eynən qüvvədə saxladığına dair qərarını bazar ertəsi günü fəalların vəkilinə bildirib.
İnqilab Məhkəməsi repçi Milad Cəlilini “pan-türkist və bölücü məhkumlara dəstək məqsədilə rep musiqisi ifa edərək İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək”, Salar Tahir Afşarı isə “nizama qarşı təbliğat fəaliyyətində iştirak” ittihamı ilə mühakimə etmişdi.
Milad Cəlili 2023-cü ilin noyabr ayında Təbrizdə kəşfiyyat qurumunda sorğu-sual edilən türk fəallara dəstək olaraq ifa etdiyi mahnıdan dolayı saxlanılıb və 2 aydan artıq nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Salar Tahir Afşar isə göstərdiyi siyasi və mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs edilərək Urmiyə, Təbriz və Tehran kimi şəhərlərin təcridxanaları və həbsxanalarında saxlanılıb.
Tahir Afşar ən son aprelin 20-də Tehranın Evin prokurorluğunda bir neçə digər fəalla birlikdə “İranın milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamına qarşı özünü müdafiə edib.
Forum