Accessibility links

Təbrizdə azərbaycanlı siyasi məhbuslar təhdid edilib


Soldan Kərim İsmayılzadə, Milad Cəlili və Salar Tahir Əfşar
Soldan Kərim İsmayılzadə, Milad Cəlili və Salar Tahir Əfşar

Təbriz Mərkəzi Həbsxanasında saxlanılan üç azərbaycanlı siyasi məhbus təhlükəsizlik qüvvələri və həbsxana səlahiyyətliləri tərəfindən hədələnib.

Azərbaycan Öyrənci Hərəkatının (AZOH) Telegram kanalının yaydığı məlumata görə, Təbriz həbsxanasındakı üç siyasi məhbus Kərim İsmayılzadə, Milad Cəlili və Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında azərbaycanlı siyasi məhbuslara dəstək verdikdən sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülməklə hədələniblər.

Bundan əvvəl Təbrizdəki bu siyasi məhbuslar, 5 aya yaxındır ki, Tehranın Evin həbsxanasında qeyri-müəyyən müddətə saxlanılan və iyunun 13-dən aclıq aksiyasına başlayan məhbusları dəstəklədiklərini bəyan etmişdilər. Təbrizdəki siyasi məhbuslar Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallara dəstək olaraq, aclıq edəcəklərini bildirmişdilər.

Həmin dəstək mesajını yaydıqdan sonra, təhlükəsizlik qüvvələri və həbsxana səlahiyyətliləri, onları Evin həbsxanasındakı məhbusları dəstəkləməkdən çəkindirmək üçün təhdid edib.

Kərim İsmayılzadə, Milad Cəlili (Elşən) və Salar Tahir Əfşar Evin həbsxanasında məhbusların tələblərinin yerinə yetirilmədiyi təqdirdə onlara dəstək olaraq aclıq aksiyası keçirəcəklərini açıqlamışdılar.

Güneyli siyasi fəallar Salar Tahir ƏfşarMilad Cəlili, müvafiq olaraq 6 və 8 aylıq həbs cəzalarını çəkmək üçün iyunun ilk həftəsində Təbriz həbsxanasına köçürülüblər. Milli fəal Kərim İsmayılzadə isə aprelin 17-də Təbrizdə həbs olunub və daha əvvəl Təbriz İnqilab Məhkəməsi tərəfindən ona qarşı çıxarılan 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya göndərilib.

Forum

XS
SM
MD
LG