İctimai fəal İlhamiz Quliyev üç il azadlıqdan məhrum edilib

İlhamiz Quliyev (Mənbə: Sosial şəbəkə)

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ictimai fəal İlhamiz Quliyev 3 il azadlıqdan məhrum edilib.

Bu barədə vəkil Zibeydə Sadıqova bildirib.

Məhkəmə dekabrın 12-də ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsini 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, istehsal etmə, emal etmə, daşıma) ) maddəsi ilə tövsif edib.

Bugünki məhkəmədə ictimai fəal İlhamiz Quliyev bir daha özünü təqsirli bilmədiyini, həbsinin səbəbini "Abzas Media"ya verdiyi müsahibə ilə əlaqəli olduğunu bildirib. Həbsini sifarişli adlandırıb.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcəyini bildirib.

Dövlət ittihamçısı çıxışında İlhamiz Quliyevin 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

İlhamiz Quliyev 2023-cü il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin "Abzas Media"ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən" istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxslərin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.