Azərbaycan Suriyada humanitar böhranın aradan qaldırılmasına kömək etməyə hazır olduğunu bildirir

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə dekabrın 10-da yaydığı bəyanatda Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu bildirilir.

Bəyanatda Azərbaycanın Suriyada baş verən prosesləri izlədiyi qeyd edilir.

“Bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşar Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”, bəyanatda deyilir.

Sənəddə Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə etdiyi və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğu bildirilir.

“Azərbaycan qardaş Türkiyə və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Eyni zamanda, Azərbaycan Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan həmçinin 2020-ci ildən başlayaraq Türkiyənin ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriyadan ölkəmizə repatriasiyası işini davam etdirəcək”, bəyanatda qeyd edilir.

Xarici İşlər Nazirliyi Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.