Suriya prezidenti Bəşar Əsəd bazar günü ölkəni tərk edərək, təxminən 14 il ərzində regional və beynəlxalq qüclərin nüfuz uğrunda döyüş meydanına çevrilmiş vətəndaş müharibəsi ərzində Suriyada hakimiyyətdə qalmaq uğrunda dramatik mübarizəsini sona çatdırmış oldu.
Əsədin hakimiyyətdən gedişi onun 2000-ci ildə hakimiyyətə gələrkən Suriya prezidenti kimi ilk ayları ilə böyük təzad təşkil edir. O zaman çoxları atasının 30 il ölkəni dəmir yumruqla idarə etməsindən sonra onun gənc islahatçı olacağına ümid edirdi. Qərbdə təhsil almış 34 yaşlı oftalmoloq olan Əsəd texnoloji baxımdan bilikli, yumşaq davranışı olan biri kimi görünürdü.
Lakin 2011-ci ilin martında onun hakimiyyətinə qarşı başlayan etirazlarla üzləşən Əsəd müxalifəti əzmək üçün atasının amansız taktikasına əl atdı. Üsyan tammiqyaslı vətəndaş müharibəsinə çevrildiyi vaxt o, müttəfiqləri İran və Rusiyanın dəstəyi ilə ordusunu müxalifətin əlində olan şəhərləri partlatmaq üçün səfərbər etdi.
Beynəlxalq hüquq qrupları və prokurorlar Suriya hökumətinin nəzarətində olan təcridxanalarda işgəncələrdən və məhkəməsiz qətllərdən geniş istifadə edildiyini iddia edirlər. Müharibə yarım milyona yaxın insanın ölümünə və ölkənin müharibədən əvvəlki 23 milyon əhalisinin yarısının köçkün vəziyyətinə düşməsinə səbəb olub.
Əsəd hökumətinin Suriyanın böyük hissəsinə nəzarəti bərpa etməsi, şimal-qərb bölgəsinin müxalif qrupların, şimal-şərq regionun isə kürdlərin nəzarəti altında qalması ilə münaqişə son illərdə dondurulmuş kimi görünürdü.
Dəməşqin Qərbin sarsıdıcı sanksiyaları altında qalmasına baxmayaraq, qonşu ölkələr Əsədin hakimiyyətdə qalmağa davam etməsi ilə barışmağa başlamışdı. Ərəb Liqası keçən il Suriyanın üzvlüyünü bərpa etmiş və Səudiyyə Ərəbistanı may ayında 12 il əvvəl Dəməşqlə əlaqələri kəsdikdən sonra ölkəyə ilk səfirini təyin etdiyini elan etmişdi.
Bununla belə, Suriyanın şimal-qərbində müxalifət qrupları noyabrın sonunda gözlənilməz hücuma başlayanda geosiyasi vəziyyət sürətlə dəyişməyə başladı. Hökumət qüvvələri tez bir zamanda çökdü, Əsədin müttəfiqləri isə Rusiyanın Ukraynada müharibə, eyni zamanda İranın dəstəklədiyi Hizbullah və Həmas silahlı qruplar və İsrail arasında bir ildir davam edən müharibələr kimi digər münaqişələrlə məşğul olduqları üçün güc yolu ilə müdaxilə etməkdən çəkindilər.
Onilliklər boyu davam edən ailə idarəçiliyinə son qoyuldu
Əsəd 2000-ci ildə taleyin hökmü ilə hakimiyyətə gəldi. Onun atası Bəşərin böyük qardaşı Bazili varisi kimi yetişdirirdi, lakin Bazil 1994-cü ildə Dəməşqdə avtomobil qəzasında həlak oldu. Bəşar oftalmologiya praktikası keçdiyi Londondan vətənə geri gətirildi, ona hərbi təlim keçirildi və bir gün hakimiyyətə gələ bilməsi üçün səlahiyyətlərini təsdiqləmək məqsədilə polkovnik rütbəsinə qaldırıldı.
2000-ci ildə Hafiz Əsəd vəfat edəndə parlament tez bir zamanda prezident üçün yaş həddini 40-dan 34-ə endirdi. Bəşar;n yüksəlişi onun yeganə namizəd olduğu ümumxalq səsverməsi ilə təsdiqləndi.
Hərbçi olan Hafiz 30 ilə yaxın ölkəni idarə etdiyi müddət ərzində sovet tipli mərkəzləşdirilmiş iqtisadiyyat qurmuş və müxalif fikri suriyalıların hətta dostları ilə siyasətlə bağlı zarafat etməkdən çəkindiyi həddə qədər boğmuşdu.
Hafiz Əsəd ərəb millətçiliyi və İsrailə qarşı qəhrəmancasına müqavimət imici altında məzhəb fərqlərini aradan qaldırmaq məqsədi daşıyan dünyəvi ideologiyanı qəbul etmişdi. O, İranda şiə ruhani rəhbərliyi ilə ittifaq yaratmış, Suriyanın Livanda nəzarətini möhkəmlətmiş və Fələstin və Livanın militant qrupları şəbəkəsi yaratmışdı.
Bəşar əvvəlcə güclü atasından tamamilə fərqli görünürdü.
Ərəb baharı ilə sınağa çəkilən Əsəd köhnə ittifaqlara arxalandı
Əsəd siyasi açılış əvəzinə iqtisadi islahatlara üz tutdu. O, tədricən iqtisadi məhdudiyyətləri aradan qaldırdı, xarici banklara icazə verdi, qapıları idxal üçün açdı və özəl sektoru gücləndirdi. Dəməşq və digər şəhərlərdə ticarət mərkəzləri və yeni restoranlar açıldı, istehlak mallarının artdığı müşahidə edildi. Turizm inkişaf etməyə başladı.
Xarici siyasətdə o, İranla müttəfiqliq və Əsədin heç vaxt İsraillə hərbi qarşıdurmaya getmədiyinə baxmayaraq, İsrailin ilhaq etdiyi Qolan təpələrinin tam qaytarılmasında israrlı siyasətə əsaslanan, atası tərəfindən qoyulan xəttə əməl etdi.
2005-ci ildə keçmiş baş nazir Rafik Həririnin öldürülməsindən sonra Suriya qonşu Livan üzərində onilliklər boyu nəzarəti itirdikdə o, ağır zərbə aldı. Bir çox livanlının Dəməşqi qətldə əli olmaqda günahlandırması ilə Suriya qüvvələrini ölkədən çıxarmaq məcburiyyətində qaldı və Livanda Amerika tərəfdarı hökumət hakimiyyətə gəldi.
Eyni zamanda, ərəb dünyası iki düşərgəyə bölündü - biri ABŞ-ın müttəfiqi, Səudiyyə Ərəbistanı və Misir kimi sünnilərin rəhbərlik etdiyi ölkələr, digəri isə Suriya və Hizbullah və Fələstin militantları ilə əlaqələri olan şiələrin rəhbərlik etdiyi İran.
Bütün bu müddət ərzində Əsəd şiə İslamın bir qolu olan və ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Ələvi məzhəbi kimi atası ilə eyni güc bazasına arxalanırdı.
Onun hökumətindəki vəzifələrin əksəriyyəti atasının dövründə işləyən eyni ailələrdən olan gənc nəsillərə keçdi. Onun islahatları nəticəsində sünni tacir ailələri də daxil olmaqla, yaranan yeni orta təbəqənin üzvləri işə cəlb olundu.
Əsəd öz ailəsinin üzvlərini də hakimiyyətə cəlb etdi. Onun kiçik qardaşı Mahir elitar Prezident Qvardiyasına rəhbərlik edib və üsyanın yatırılmasına rəhbərlik edib. Onların bacısı Buşra 2012-ci ildə bombardmanda öldürülən əri, müdafiə nazirinin müavini Asəf Şövkətlə birlikdə onun yaxın çevrəsində güclü səsə malik idi. Bəşarın yaxın qohumu Rami Maxluf ölkənin ən böyük iş adamı oldu. O, ikisi arasında Maxlufun kənarlaşdırılmasına səbəb olan mübahisə yaranmazdan əvvəl maliyyə imperiyasına rəhbərlik edirdi.
Əsəd may ayında leykemiyadan müalicə olunduğunu elan etməzdən əvvəl həyat yoldaşı Əsmaya da vacib rolları həvalə edirdi.
2011-ci ildə Tunis və Misirdə etirazların başlaması və nəticədə bu ölkələrdə hakimiyyətin devrilməsindən sonra Əsəd eyni şeyin Suriyada baş verməsi ehtimalını rədd edərək, onun rejiminin xalqa daha uyğun olduğunda israr etmişdi.
“Ərəb baharı” dalğası Suriyaya çatdıqdan sonra onun təhlükəsizlik qüvvələri qəddarcasına repressiyaya başladı, Əsəd isə dəfələrlə xalq üsyanı ilə üzləşdiyini təkzib etdi. Əvəzində o, rejiminin sabitliyi pozmağa çalışan “xarici terrorçuları” günahlandırdı.
Onun ritorikası Suriyanın xristianlar, druzlar və şiələr də daxil olmaqla, azlıqda olan bir çox qrupları, eləcə də Əsədin avtoritar idarəçiliyindən daha çox sünni ekstremistlərin hakimiyyətə gəlmə ehtimalından qorxan bəzi sünnilər arasında əks-səda tapdı.
Üsyanın vətəndaş müharibəsinə çevrilməsi ilə milyonlarla suriyalı İordaniya, Türkiyə, İraq və Livana, oradan da Avropaya qaçdı.
Qəribədir ki, 2011-ci il fevralın 26-da Misirdə Hüsnü Mübarək etirazçılar tərəfindən devrildikdən iki gün sonra və Ərəb baharı etirazları dalğasının onun ölkəsinə yayılmasından bir neçə gün əvvəl Əsəd elektron poçtla Misir liderinin inadkarcasına hakimiyyətdən getməkdən imtina etməsini ələ salan bir zarafat göndərmişdi.
Forum