Beynəlxalq Mətbuat İnstitutu Azərbaycanda həbs olunan bütün jurnalistlərin azad edilməsinə çağırır

The IPI global network (photo by :IPI)

“Beynəlxalq Mətbuat İnstitutu (IPI) repressiyaların yeni dalğasında Bakıda saxlanılan daha altı jurnalistin azad edilməsini tələb edir, bu dəfə müstəqil online yayım olan Meydan TV-ni hədəf alır”.

Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında deyilir.

İnstitut qeyd edir ki, həbslər Azərbaycanda müstəqil media və fəallara qarşı davam edən repressiyalar fonunda Bakıda keçirilən COP29 iqlim konfransının yekunlaşmasından bir neçə həftə sonraya təsadüf edir.

“Meydan TV-nin bir neçə jurnalistini həbs etməklə Azərbaycan hakimiyyəti ölkədəki bütün tənqidi səsləri susdurmaq istəklərini bir daha nümayiş etdirdi”, Beynəlxalq Mətbuat İnstitutunun müvəqqəti icraçı direktoru Scott Griffen bildirib.

O qeyd edib ki, Beynəlxalq Mətbuat İnstitutunun monitorinqinə əsasən, son bir il ərzində Azərbaycanda 20-yə yaxın jurnalist həbs edilib və onların bir çoxu “xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi” ilə bağlı ittihamlarla hədəfə alınıb.

“Hakimiyyət açıq şəkildə siyasi motivli olan bu ittihamları dəstəkləmək üçün heç bir inandırıcı dəlil təqdim etməyib. Biz hakimiyyət orqanlarını həbs olunan bütün jurnalistləri dərhal azad etməyə çağırırıq”, Beynəlxalq Mətbuat İnstitutu müvəqqəti icraçı direktoru əlavə edib.

Azərbaycanın dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatın, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.

“Meydan TV işi”

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və müstəqil jurnalist Ramin Deko barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlərin hamısı “qaçaqmalçılıq” ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər.

Həmin cinayət işi üzrə həbs olunan media əməkdaşı Ülvi Tahirov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dekabrın 6-da müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), digər əməkdaşları Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlıya “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb. Jurnalist Aysel Umudovanın isə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

Həmin gün müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılması barədə Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyindən jurnalist barəsində əlavə araşdırmalar aparıldığını, bir neçə şəxsin araşdırma çərçivəsində saxlanıldığı bildirilib.

“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışıblar.

“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”, o deyib.

Yunis Rzayev, heyvan haqları fəalı Kamran Məmmədli və idman jurnalisti Rəşad Ergün 25 saat sonra, ardınca isə Elnur Cabbarzadə Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar. Media əməkdaşı Ülvi Tahirovun isə qaçaqmalçılıqda ittiham olunduğu bildirilir. Bu barədə “Meydan TV”nin redaktoru Orxan Məmməd Amerikanın Səsinə məlumat verib.

“Meydan TV”nin redaktorunun məlumatına görə jurnalist Ramin Dekoya qarşı fiziki təzyiq olub.

“Onun gözünün altında qançırlar olub. Ramin Deko uzun müddət vəkilsiz qalıb. Aynur Elgünəşin evinə axtarışa girilən zaman onu divara sıxıblar, böyrəyinin üzərinə vurulub, kompüteri ələ keçirilib”, o bildirib.

“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.