Dekabrın 9-da Müsavat Partiyasının Divanı (İdarə Heyəti-red) Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlının və bütün siyasi məhbusların azad edilməsini tələb edib.
“Yerli və beynəlxalq ictimaiyyətin tələb və çağırışlarına baxmayaraq Azərbaycan hakimiyyətinin ölkədə repressiyaları davam etdirməsi pislənilib. Əsasız olaraq saxlanılan politoloq Azər Qasımlının və siyasi motivlərlə həbs olunan digər şəxslərin dərhal azad olunması bir daha tələb edilib”, Partiyanın Mətbuat xidmətinin Divanın iclası barədə məlumatında deyilir.
Dekabrın 8-də Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Yerli hüquq müdafiəçilərinin son hesabatına görə, hazırda ölkədə azı 319 nəfər siyasi məhbus var. Son bir neçə gündə “Meydan TV” nəşrinin 5 əməkdaşına və daha iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülb. Hazırda “Abzas Media”, “Toplum TV", "Kanal 13" internet nəşrləri də daxil olmaqla iyirimidən çox jurnalist qaçaqmalçılıq ittihamı ilə həbsdədir. Jurmalsitlər həbslərininin tənqidi məqalələri ilə bağlı olduğunu bildirir.
Azərbaycan hakimiyyəti isə insanların iradəsinə görə təqib edilmədiyini, hamının qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəsmiləri jurnalistlərin həbsinin ölkəyə qanusnuz xarici valyutanın gətirilməsi ilə bağlı araşdırmalarla bağlı saxlanıldığını bəyan edib.