Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının saxlanıldığı bildirilir.
Qasımlının həyat yoldaşı Samirə Qasımlı Amerikanın Səsinə deyib ki, Azər Qasımlı səhər saatlarında 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.
“O mənə zəng etdi ki, uşağı idmandan götürüm. Dedi ki, özün bilirsən, məni saxladılar. Bundan sonra telefonuna cavab vermir”, Samirə Qasımlı deyib.
O həyat yoldaşının saxlanılmasını qınayıb.
“Azər İlham Əliyevi açıq şəkildə və sərt tənqid etdiyinə görə təqib olunur. Onun saxlanılması siyasi sifarişdir”, o qeyd edib.
Azər Qasımlının saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidməti cavab olaraq xəbəri təsdiqləyib və bildirib ki, o, yenidən araşdırmaya çağırılıb.
Xatırladaq ki, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.
Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, bir cinayət işi üzrə “şahid qismində” dindirilib.
Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.
O, rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.
Noyabrın 22-də Azər Qasımlı Bakı Beynəlxalq Aerportundan xaricə buraxılmayıb, onun ölkədən çıxışına qadağa qoyulduğu bildilib.
Forum