“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışırlar:
“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”.
Yunis Rzayev, heyvan haqları fəalı Kamran Məmmədli və idman jurnalisti Rəşad Ergün 25 saat sonra, ardınca isə Elnur Cabbarzadə Bakı Şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıblar. Media əməkdaşı Ülvi Tahirovun isə qaçaqmalçılıqda ittiham olunduğu bildirilir. Bu barədə “Meydan Tv”nin redaktoru Orxan Məmməd Amerikanın Səsinə məlumat verib
“Meydan Tv işi” ilə bağlı nə baş verib?
Dekabrın 6-da müstəqil jurnalist Ramin Deko (Cəbrayılzadə) və “Meydan Tv"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), digər əməkdaşları Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlıya "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılıb. Jurnalist Aysel Umudovanın isə şübhəli şəxs qismində saxlanıldığı bildirilir.
Vəkillərin məlumatına görə, jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Ramin Dekonun vəkili Vüsal Səfərov bildirib ki, jurnalist müvəqqəti saxlanma yerinə aparılıb.
“Meydan Tv”nin redaktoru Orxan Məmmədin məlumatına görə isə jurnalist Ramin Dekoya qarşı fiziki təzyiq olub:
“Onun gözünün altında qançırlar olub. Ramin Deko uzun müddət vəkilsiz qalıb. Aynur Elgünəşin evinə axtarışa girilən zaman onu divara sıxıblar, böyrəyinin üzərinə vurulub, kompüteri ələ keçirilib”.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev qeyd edib ki, jurnalist ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.
Eyni zamanda, Aytac Tapdığın vəkili Cavad Cavadovun sözlərinə görə, müvəkkili ittihamları saxta adlandırıb və jurnalistikanın cinayət olmadığını bildirib.
Aynur Elgünəşin qohumlarının məlumatına görə, onun yaşadığı mənzildə dekabrın 6-da axtarış aparılıb.
“Mənzilin açarları Aynurda idi. Biz mənzilə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz deyə bilmərik”, jurnalistin qohumlarından biri Amerikanın Səsinə deyib.
Bundan əlavə dekabrın 6-da axşam saatlarında “MeydanTV”nin saxlanılan əməkdaşı Natiq Cavadlının yaşadığı mənzildə də axtarış aparılıb.
Bu barədə jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
“Natiq özü axtarışda iştirak edirdi. Polislər öncə Natiqin şkafını axtardılar. Şkafdakı bütün kitabları tökdülər. Kitabların arasını axtardılar. Sonra yataq otağında axtarış apardılar. Natiqin kompüterini və bir-iki köhnədən qalan fləşkartları götürdülər. Evimizdə cəmi 90 manat pulumuz var idi. Pulu götürmədilər. Axtarış iki saat davam etdi. Hətta uşaqlarımızın kompüterlərinin yaddaşını da yoxladılar”, jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.
Həmin gün müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılması barədə Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinindən jurnalist barəsində əlavə araşdırmalar aparıldığını, bir neçə şəxsin araşdırma çərçivəsində saxlanıldığı bildirilib.
“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib:
“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”.
Azər Qasımlı: Bu gün həbs olunanlar nə birincidirlər, nə də axırıncı
“Meydan TV” jurnalistlərinin saxlandığı Bakı Şəhər Baş Polis İdarəsi önündə olan siyasətçi Azər Qasımlı hadisəni şərh edərkən Azərbaycanda bu cür həbslərin hökumətin geopolitik seçimindən irəli gəldiyini bildirib.
“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.
Forum