Accessibility links

Beynəlxalq təşkilatlar “Meydan TV” jurnalistlərinin saxlanılmasından narahatdır


“Meydan TV” jurnalistlərinin saxlanılması beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən narahatlıqlarla qarşılanıb.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 6-da Bakıda Azərbaycanda altı jurnalistin və media işçilərinin saxlanılmasını pisləyib.

"Günortaya yaxın müstəqil jurnalist Ramin Cəbrayılzadə (Deko kimi də tanınır) qonşu Gürcüstandan gələrkən Bakı hava limanında saxlanılıb. Orada o, Avropayönlü etirazları işıqlandırıb. Eyni zamanda, şəhərin müxtəlif yerlərində hüquq - mühafizə orqanları Almaniyada yerləşən müstəqil KİV - “Meydan” TV ilə əməkdaşlıq edən Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgüneş və Aysel Umudovanı saxlayıblar", komitənin bəyanatında bildirilir.

Təşkilat qeyd edir ki, 6 nəfərin hamısı qanunsuz valyuta qaçaqmalçılığında şübhəli bilinərək Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Komitə “Meydan” TV-yə istinadən bildirib ki, saxlanılan jurnalistlərin bəzisinin mənzilində axtarış aparılıb.

"Bakıda Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim konfransının başa çatdığı vaxtda “Meydan” TV-nin bir neçə jurnalistinin saxlanılması Azərbaycan hakimiyyətinin KİV-ə qarşı amansız təqibləri davam etdirmək niyyətinin əlaməti, həm Birləşmiş Millətlər Təşkilatına, həm də bu yaxınlarda azərbaycanlı rəsmi şəxslərin əlini sıxmaq üçün Bakıya gələn demokratik hökumətlərə şillədir", komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

O qeyd edib ki, Azərbaycan hakimiyyəti Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aynur Elgünəş, Aysel Umudova və Ramin Dekonu, eləcə də son aylarda analoji ittihamlarla həbs edilmiş ondan çox digər aparıcı jurnalisti dərhal azad etməli və müstəqil mətbuata qarşı görünməmiş hücumu dayandırmalıdır .

“Son bir ildə Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti öz işinə görə qisas almaq üçün ağır cinayət törətməkdə ittiham edib, onlardan 13-ü ilkin həbsdədir. Dəmir barmaqlıqlar arxasında olanların əksəriyyəti Azərbaycanın qalan son müstəqil KİV-ində çalışır və Qərb donorlarından vəsait alınması ilə bağlı valyuta qaçaqmalçılığı ittihamlarına məruz qalırlar”, komitə xatırladır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Meydan TV” jurnalistlərinin həbsinə münasibət bildirib.

“Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin həbsini dərin təəssüf hissi ilə qarşıladım. Azad və müstəqil mətbuat istənilən demokratiyanın mühüm elementləridir”, səfir X platformasında yazıb

O hesab edir ki, jurnalistlər həbs, hədə-qorxu və zorakılıq qorxusu olmadan məsələləri işıqlandıra bilməlidirlər.

Öz növbəsində "Sərhədsiz Reportyorlar" mətbuatı müdafiə təşkilatı “Meydan TV"-nin əməkdaşlarının həbsini pisləyib.

"Sərhədsiz Reportyorlar" bu yeni həbsləri pisləyir, onları və uydurma ittihamlarla rüsvayçı şəraitdə saxlanılan digər 13 jurnalisti dərhal azad etməyə çağırır", təşkilatın X platformasındakı hesabında yayılan məlumatda deyilir.

Freedom Now təşkilatı da "Meydan TV"nin jurnalistlərinin dərhal azad edilməsinə çağırıb.

“Azərbaycanda "həyasızcasına” müstəqil jurnalistləri hədəfə almaqda davam edir. Son repressiya aktı beş nəfərin saxlanmasıdır Bu açıq-aşkar siyasi motivli əsaslarla həbs olunan jurnalistlərdir. Biz onları dərhal azad etməyə və bu təzyiqlərə son qoymağa çağırırıq”, təşkilat qeyd edib.

Vəkillərin məlumatına görə, saxlanılan jurnalistlərin hamısıına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib:

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub.”

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hak olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.

Forum

XS
SM
MD
LG