Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Ameikanın Səsinə müsahibəsində ölkədə mövcud siyasi durum və seçki prosesi barədə danışıb.
Amerikanın Səsi: Azərbyacnda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə seçki öncəsi siyasi durumu necə xarakterizə edərdiniz?
Azər Qasımlı: Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycanda formal olaraq seçkilər elan olunsa da, reallıqda heç bir seçki mühiti yoxdur. Mən bu prosesi belə xarakterizə edərdim ki, Azərbaycan müstəqil olandan sonra bu ən biabırçı, ən qeyri-demokratik, qeryri-şəffaf, nəticələri tamamilə 99,9 faiz bəlli olan seçkilərdir. Yəni bu prosesdə rəqabət yoxdur. Hətta mən deyərdim ki, bu proses SSRİ dönəmində keçirilən seçki prosesi hansı formada idisə, onu xatırladır. Əvvəlcədən bəllidir. Yuxarıdan elə bil ki, müəyyən insanlara deyirlər ki, gedin seçkilərdə iştirak edin. Bir qismi parlamentə seçdirmək üçündür, bir qismi də sadəcə guya rəqabəti göstərmək üçündür. Amma hal-hazırda görürük ki, heç bir rəqabət yoxdur. Onu da qeyd etmək lazımdır ki, seçki öncəsi prosesdə siyasi məhbusların çoxalması və repressiya dalğasının daha da geniş vüsət alması, yeni insanların qeyri-ədalətli şəkildə məhkəmələrdən keçirilərək həbs olunması, hətta deyərdim şərlənməsi, bunu görürük. Məsələn, daha əvvəlki illərdə seçki öncəsi və yaxud seçki zamanı çalışırdılar ki, kimlərisə həbs etməsinlər. Siyasi məhbus problemi çoxalmasın. İndi isə belə bir dərdləri də yoxdur. Artıq bu seçki prosesini həmçinin onunla xarakterizə etmək olar ki, Azərbaycan iqtidarı özünün geopolitik qərarını verib. Rusiyanın yanında durub. Özünün hakimiyyət təhlükəsizliyini də məhz Putin Rusiyasına bağlayıb. Bu baxımdan seçkiləri məhz bu şəkildə xarakterizə etmək olar ki, məhz ilk prosesdir ki, Azərbaycan iqtidarı sanki Rusiya ilə əlbir olaraq Azərbaycanda hansısa qərarlar verir, hansısa prosesləri həyata keçirir.
Amerikanın Səsi: Ötən seçkilərdən fərqli olaraq bu seçkilərdə AXCP-dən başqa müxalifətdə olan digər siyasi partiyalar iştirak edir. Sizcə müxalif siyasi partiyalar seçki prosesinin şəfafflığına müsbət mənada təsir edə biləcəkmi?
Azərbaycan iqtidarı özünün geopolitik qərarını verib. Rusiyanın yanında durub. Özünün hakimiyyət təhlükəsizliyini də məhz Putin Rusiyasına bağlayıb.
Azər Qasımlı: Hesab edirəm ki, Azərbaycanda AXCP və Müsavat Partiyasından başqa müxalif partiya və təşkilat yoxdur. Siz müxalifət dediniz, amma mən o təşkilatları müxalifət hesab etmirəm. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi də onları partiya hesab etmirəm. Ümumiyyətlə ölkədə elə bir vəziyyət yaranıb ki, partiyalar üçün, xüsusilə də müxalifyönümlü partiyalar üçün və yaxud hansısa bir partiya üçün öz partiya funksiyasını həyata keçirmək, partiya kimi fəaliyyət göstərmək imkanları yoxdur. Tükənib. Yəni bu gün siyasətlə məşğul olmaq imkanları yoxdur. Formal olaraq belə hesab oluna bilər ki, kimsə partiya və ya siyəsətlə məşğul ola bilər. Qeydiyyatdan da keçə bilər. Bunların hamısı formallıqdır. Reallıq odur ki, ölkə avtoritarizmdən sürətlə totalitarizmə doğru yuvarlanmaqdadır. Bu nöqteyi-nəzərdən kimlərsə hardasa iştirak edirsə o qədər də önəmli deyil.
Amerikanın Səsi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki müşahidə missiyaları indiyədək Azərbaycanda keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib. Sizcə ölkədə ATƏT standartlarına uyğun seçkilərin keçirilməsi üçün hansı addımlar atılmalıdır?
Azər Qasımlı: Mən hesab edirəm ki, Azərbaycan iqtidarı ümumiyyətlə dəyişməlidir. Ölkədə hansısa bir dəyişkilik olmalıdır ki, seçkilər demokratik şəkildə keçirilsin. Yəni ən azı cəmiyyətdə bir inam olsun ki, bu seçkilər fərqli keçirilə bilər. Aydındır ki, iqtidar dəyişəcəksə, seçki komissiyası dəyişəcək, “Seçki Məcəlləsi” dəyişə bilər. Amma ilk növbədə bunun üçün siyasi iradə lazımdır. Bax o siyasi iradə dəyişməlidir. Yeni bir siyasi iradə gəlməlidir. Ya da ikinci variant. Bu ondan ibarətdir ki, dünyada hansısa bir proses olur. Təbii ki, Azərbaycana təsir edir. Azərbaycanın da özündə nələrsə dəyişir. Azərbaycan iqtidarı pis-yaxşı yarıdemokartik seçkilər keçirmək məcburiyyətində qalır. Bax bu da mümkündür. Mən bayaq dedim. Bu seçkiləri səciyyələndirən əsas cəhət hal-hazırda ondan ibarətdir ki, sanki Putinlə birlikdə Azərbaycan iqtidarı ölkədə seçki prosesi aparır. Məndə belə bir təəssürat yaranıb. Rusiyanı tənqid edən, Rusiyanın qeyri-demokratikliyini qeyd edən, Putin iqtidarını bilavasitə tənqid atəşinə tutan insanları hal-hazırda həbs edirlər. Gördüyümüz budur. Bir nümunə də bu günlərdə yaşadığımız Emin İbrahimovdur. Hansı ki, vaxtilə keçmiş diplomat olub. Azərbaycanın ABŞ səfirliyində ikinci katib olub. Açıq şəkildə Rusiyanın Azərbaycandakı siyasətini tənqid edib. Bu adamı şərləyərək həbs ediblər. Yalnız o da deyil. Qubad İbadoğlunun da adını çəkə bilərik. Digərlərinin adını da nümunə olaraq çəkə bilərik. Hazırda görünən odur ki, namizəd olacaq şəxsləri, məsələn anti -Rusiya mövqeyində olan şəxsləri həbs edirlər. Amma Qərbi söyən nə qədər deputatlar var, media var. Onların da heç birinə toxunmurlar. Mən demirəm onlar həbs olunmalıdır. Amma məsələ burasındadır ki, məhz elə bil ki, Rusiyadan bir tapşırıq gəlir və bu tapşırıq əsasında da Azərbaycan iqtidarı sanki hərəkət edir. Bu situasiya sözsüz ki, dəyişməlidir. Bölgəyə, Cənubi Qafqaza bir demokratiya ab-havası gəlməlidir. Yeni bir dəyişkilik dalğası gəlməlidir, o cümlədən də Azərbaycana. Amma belə isə aydındır ki, seçki komissiyaları dəyişməlidir. Vaxtı ilə bu illər ərzində seçki komissiyalarında iştirak edən şəxslər hamısı komissiyadan kənarlaşdırılmalıdır. Nəinki kənarlaşdırılmalıdır, onların bir qismini də hansı ki, bilavasitə seçki saxtakarlığında iştirak ediblər, onlar məsuliyyətə cəlb olunmalıdır. “Siyasi Partiyalar haqqında” qanun dəyişməlidir. “Seçkilər haqqında” qanun dəyişdirilməlidir. Bir çox şərtlər var ki, bunlar dəyişməlidir.
Qeyd: Bu Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının fikirləridir.
Azərbaycan iqtidarı isə çoxsaylı təzyiqlərə baxmayaraq müstəqil daxili və xarici siyasət yeritdiyini bildirir. Ölkə başçısı heç bir qüvvənin Azərbaycanın daxili proseslərinə və xarici siyasət kursuna təsir imkanlarına malik olmadığını bəyan edib.
Seçki məsələsəinə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları Azərbaycanda indiyədək keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını açıqlayıb. Bununla belə Azərbaycan hökuməti tənqidləri qəbul etməyib, seçkilərin demokratik və azad şəriatdə keçirildini açıqlayıb.
Forum