Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.
“Həbs edildikdən sonra bildim ki, vicdan məhbusu Famil Xəlilov azad edilibdir. Onu və digər siyasi, vicdan məhbuslarını müdafiə etdiyim üçün xoşbəxtəm. İctimaiyyətdən xahişim budur ki, digər vicdan və siyasi məhbusların müdafiəsinə daha çox vaxt ayırsınlar. Atam ağır parkinson xəstəsidir və əməliyyatdan yeni çıxıbdır. Həyatı tükdən asılıdır, onu hər an itirə bilərik. Atamdan xahişim odur ki, azadlığa çıxana qədər məni gözləsin”, bəyanatda qeyd edilir.
Rüfət Səfərovla hazırda saxlanıldığı Binəqədi Polis İdarəsində görüşündən sonra vəkil Elçin Sadıqov bildirib ki, Rüfət Səfərov ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görüldüb.
“O dedi ki, iki gündən sonra mükafat ABŞ Dövlət katibi Antoni Blinken tərəfindən ona təqdim ediləcəkdi. Azərbaycan hökuməti bundan xəbər tutduğuna görə bu işi düzüb-qoşub”, vəkil bildirib.
Onun sözlərinə görə, Rüfət Səfərovu polis əməkdaşları saxlayaraq birbaşa Binəqədi Rayon Polis İdarəsinə gətirib.
“Rüfət dedi ki, avtomobilini qarajda saxlayarkən tanımadığı bir şəxs ona hücum edib. O indi işdə şahid qismində çıxış edəcək. Həmin şəxs şikayətində bildirib ki, Rüfət Səfərovun atasına təxminən 58 min manat verərək, torpaq sahəsinin yarısını alıb. Torpağın ikinci hissəsini almaq üçün guya Rüfətə də pul verib. Rüfət isə dedi ki, həmin şəxsi görməyib və tanımır. Hazırda dindirmə davam etdirilir”, vəkil qeyd edib.
Vəkil hesab edir ki, dindirmə formal xarakter daşıyır, hüquq müdafiəçisinə qarşı cinayət işi açacaqlar.
Rüfət Səfərovun anası Tahirə Tahirqızı da oğlunun saxlanılmasını onun insan haqları ilə bağlı mükafata layiq görülməsi ilə əlaqələndirib.
“Bu torpaq alqı-satğısı şər-böhtandır. Rüfətin adına hər hansı torpaq sahəsi yoxdur. Hamıya sirr deyil ki, Rüfət oğru dedyil, rüşvətxor deyil. O, insan hüquqlarının müdafiəçisidir. Saxlanılmasının səbəbi də budur”, o qeyd edib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.
2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.