Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsinin 5 dekabr tarixli iclasında “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər” müzakirə ediləcək.
Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnaməsində son bir il ərzində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.
Hüquq müdafiəçisi Jalə Bayramova Brüsseldə baş tutacaq iclasda çıxış edərək atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı Komitə üzvlərini məlumatlandıracağını bildirib.
Azərbaycanın neft-qaz sektoru üzrə araşdırmalar aparan akademik Qubad İbadoğlu Avropa Parlamentinin builki Saxarov Düşüncə Azadlığı mükafatının üç finalçısından biri olub. Almaniyanın Drezden Texnologiya Universitetinin professoru barəsindəki cinayət işinə görə bir ildən artıqdır ölkəni tərk edə bilmir.
Bayramova atasının təcili cərrahi əməliyyat tələb edən ürək xəstəliyindən əziyyət çəkdiyini, onun ehtiyacı olan keyfiyyətli tibbi yardımın Azərbaycanda mümkün olmadığını vurğulayır.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda “saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda” ittiham edilərək həbs edilib. Təcridxanada səhhətinin pisləşməsindən sonra bu ilin aprel ayında ev dustaqlığına buraxılıb. O, cinayət işinin siyasi sifariş əsasında həyata keçirildiyini qeyd edib.
Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluya məktub ünvanlayaraq onu dekabr ayında Saxarov mükafatının təqdimetmə mərasimi üçün Strasburqa dəvət edib. Metsola Avropaya gəlişi zamanı onun tibbi müayinə və müalicəsini də planlaşdırdıqlarını vurğulayıb.
“Atamın həyatını xilas etmək üçün hələ də beynəlxalq dəstəyə ehtiyacım var”, Jalə Bayramova atasının ölkə xaricinə səyahəti təmin edilməyənədək rahatlıq tapa bilməyəcəyini deyir.
Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təqiblər Bakıda BMT-nin İqlim Dəyişmələri Konfransının (COP29) keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqətində olub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanda insan haqlarının vəziyyəti, media işçilərinin, fəalların və müxalifət nümayəndələrinin həbsinin böyük narahatlıq doğurduğunu deyib.
Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edir və vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu bildirir.
Ancaq yerli insan hüquqları təşkilatlarının məlumatına əsasən, hazırda Azərbaycanda 300-dən çox siyasi məhbus var.