Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində mərkəzi qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
Noyabrın 22-də COP29 iqlim konfransının bağlanış günündə komitə diqqəti "COP öncəsi həbs edilmiş ondan çox azərbaycanlı jurnalistdən birinə - həmin gün təcridxanada 30 yaşını qeyd edən Fərid Mehralızadəyə yönəldib.
"Fərid iqtisadçıdır və Azərbaycanda iqtisadi mövzular, o cümlədən ölkənin neft iqtisadiyyatı və onun sosial- ekoloji təsiri üzrə tanınmış şərhçidir. O həmçinin "Azadlıq" radiosu üçün iqtisadi mövzuları işıqlandırıb”, komitənin X sosial şəbəkəsindəki yazıda deyilir.
Yazıda xatırladılır ki, Mehralızadə mayın 30-da saxlanılıb. Qərb donor təşkilatları tərəfindən maliyyələşmə ilə əlaqədar “Abzas Media” antikorrupsiya araşdırma nəşrinə qarşı iş çərçivəsində Mehralızadəyə qarşı "valyuta qaçaqmalçılığı" və digər cinayətlər üzrə ittihamlar irəli sürülüb, halbuki ki, o, heç zaman bu KİV-də çalışmayıb, komitə qeyd edir.
"Həbsdən qısa müddət sonra Fəridinhəyat yoldaşı Nərgiz Muxtarova uşaq dünyaya gətirib. Bu həftənin əvvəlinə qədər Fərid öz qızını görə bilməyib", yazıda qeyd olunur.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan prezidentini COP29-un başa çatması ərəfəsində Mehralızadəni və 10-dan çox jurnalisti azad etməyə çağırıb.
Komitə istifadəçiləri Mehralızadənin 30 yaşı münasibətilə ona Mehralızadənin müdafiəsi üçün yaradılmış sayt vasitəsilə təbrik məktubları yazmağa çağırıb.
Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova bildirib ki, həyat yoldaşı yeni doğulmuş qızını 30 yaşı ərəfəsində görə bilib.
“Bu gün Fərid yeni doğulmuş qızımızı ilk dəfə gördü - cəmi bir neçə saatlığa. Onların ayrıldığını görmək çox ağrılı idi. İndi onların bir-birinə daha çox ehtiyacı var. Onlar artıq heç vaxt geri qaytarılmayan qiymətli anları itiriblər. Bu ədalətsiz həbsə son qoyulmalıdır!", - o, X platformasında yazıb.