Accessibility links

Vəkil təcridxanada jurnalist Sevinc Vaqifqızı ilə görüşüb


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Vəkil Aqil Layıc noyabrın 18-də "Abzas Media"nın 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) görüşüb.

Bu barədə vəkil Facebook səhifəsində qeyd edib.

“Sevinc Vaqifqızı ilə görüşdüm. Əsas məqam ona fiziki və verbal şiddətin olub-olmaması, qolunda olan hematoma ilə bağlı idi. Hematomanın yaranmasına belə qeyd etdi ki, qapının ağzında olan nəfəsliyin bağlanmaması üçün əlini nəfəsliyin arasına salıb, çəkiş-bərkişdə əmələ gəlir” o qeyd edib.

Vəkil Sevinc Vaqifqızına qarşı fiziki şiddətin olmadığını deyib.

“Nəfəslik məsələsi də artıq həll edilib… Ondan narahat olan bütün dostlarına salam dedi”, vəkil əlavə edib.

Bununla yanaşı, yerli media noyabrın 17-də "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) ailə üzvlərinə istnadən onun zorakılığa məruz qaldığı barədə məlumat yayıb. Məlumata görə, noyabrın 16-da jurnalistlə görüşən ailə üzvləri onun qolunda zorakılıq izlərinin olduğunu bildiriblər.

Nərgiz Absalamova və Elnarə Qasımovanın da xəsarət gördüyünü bildirən Vaqifqızının yaxınları qeyd edib ki, nəzarətçilər jurnalistin ikisinə də təzyiq göstərib.

Vəkil Aqil Layıc noyabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında Sevinc Vaqifqızı ilə görüşmək istəyib. Vəkil görüş üçün lazım olan sənədi də təqdim edib. Təcridxana rəhbərliyi görüşə icazə verməyib. Bunu kamerada sayım getməsilə əlaqələndiriblər.

Penitensiar Xidmət və 1 saylı Bakı İstintaq Təcridxanası bu məlumatla bağlı hələ şərh verməyib.

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG