Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini AzadlıqRadiosunun jurnalistini azad etməyə çağırıb


Fərid Mehralızadə, AzadlıqRadisonun əməkdaşı
Fərid Mehralızadə, AzadlıqRadisonun əməkdaşı

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadəni dərhal azad etməyə çağırıb.

Fərid Mehralızadə mayın 30-da mülki geyimli polislər tərəfindən saxlanılıb və iyunun 1-də onun barəsində Abzas Media, Toplum TV jurnalistlərinin işində olduğu kimi “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Mehralızadə həbsinin qanunsuz olduğunu deyib.

“Azərbaycan BMT-nin iqlim dəyişikliyi konfransı COP29-a ev sahibliyi etməyə hazırlaşarkən ən azı 15 jurnalisti uzunmüddətli həbs cəzası gözləyir. Fərid Mehralızadənin işi bir daha göstərir ki, tənqidi fikirdə olanların ölkədəki amansız repressiyalara qurbanı olması nə dərəcədə absurdcasına asandır”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said deyib.

İnsan haqları təşkilatları 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 ərəfəsində Azərbaycan hakimiyyətinin ölkədəki tənqidi səslərə qarşı “misli görünməmiş repressiyalar” həyata keçirdiyini qeyd edir.

Human Rights Watch, Amnesty International və digər bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları COP29-da iştirak edəcək dövlət başçılarını və digər nümayəndəlikləri Azərbaycandan insan hüquqları öhdəlikləri ilə bağlı hesabatlılıq tələb etməyə çağırıblar.

“Azərbaycan hökuməti COP29-dan əvvəl Mehralızadə və digər haqsız yerə həbs edilmiş jurnalistləri azad etməsə, beynəlxalq qınaqla üzləşməlidir”, Gülnoza Said əlavə edib.

Sentyabrın 6-da həbs müddəti dekabrın 19-dək uzadılan Fərid Mehralızadəyə qarşı “qaçaqmalçılıq” ittihamından əlavə “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ittihamlar da irəli sürülüb. Təqsirli bilinərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Mehralızadə AzadlıqRadiosu üçün iqtisadi mövzuları işıqlandırıb və onun işləri təhlükəsizlik səbəbi ilə mənbə göstərilmədən dərc edilib.

Jurnalistin həyat yoldaşı Nərgiz Muxtarova CPJ-yə bildirib ki, Fərid Mehralızadənin jurnalist fəaliyyətinə və müstəqil mediaya verdiyi müsahibələrində hökumətin siyasətini tənqid etdiyinə görə həbs olunduğunu düşünür.

AzadlıqRadiosu oktyabrın 30-da yaydığı bəyanatında Mehralızadəyə qarşı ittihamları saxta adlandırıb və onun dərhal azad edilməsinə çağırıb.

“Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Biz onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq”, AzadlıqRadiosunun prezidenti Stiven Kapus vurğulayıb.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.

Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.

Forum

XS
SM
MD
LG