Accessibility links

Fərid Mehralızadə və Məhəmməd Kekalova qarşı yeni ittiham irəli sürülüb  


Fərid Mehralızadə -İqtisadçı
Fərid Mehralızadə -İqtisadçı

"Abzas Media işi" ilə bağlı həbs olunan iqtisadçı Fərid Mehralızadə və direktor müavini Məhəmməd Kekalova qarşı 7 maddə ilə yeni ittiham irəli sürülüb.

Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarovanın sözlərinə görə, ittihamlar "Fəridə qarşı heç bir sübutun olmamasından qaynaqlanan absurd ittihamlardır":

"Fərid Mehralızadəyə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb".

Nərgiz Muxtarova qeyd edib ki, həyat yoldaşı rəsmi əmək müqaviləsi ilə illərdir bankda işləyib.

"Rəsmi maaşı olan şəxsin rahatlıqla ala biləcəyi qiymətdə rəsmi köçürmə ilə öz adına aldığı və şəxsi istifadə etdiyi avtomobilini cinayət yolu ilə əldə olunmuş pulun leqallaşdırılması kimi təqdim edirlər", deyə o əlavə edib.

Məhəmməd Kekalova da eyni maddələr üzrə yeni ittihamlar irəli sürülüb.

Bundan əvvəl isə "Abzas Media işi" üzrə həbs olunan jurnalist Nərgiz Absalamovaya da 7 maddə ilə yeni ittihamlar elan olunub.

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG