Accessibility links

AzadlıqRadiosunun jurnalisti artıq 5 aydır Azərbaycanda həbs cəzası çəkir


 Fərid Mehralızadə
Fərid Mehralızadə

Çərşənbə günü Amerikanın Səsinin qardaş təşkilatı olan AzadlıqRadiosunda çalışan azərbaycanlı jurnalistin Azərbaycan paytaxtı Bakıda saxlanılmasından beş ay ötür. AzadlıqRadiosu ona qarşı sürülən ittihamları rədd edir.

İqtisadçı və AzadlıqRadiosunun Azərbaycan xidmətinin jurnalisti Fərid Mehralızadə mayın 30-da Bakıda naməlum şəxslər tərəfindən qaçırılıb və iyunun 1-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Bu gün AzadlıqRadiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin haqsız həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq” AzadlıqRadiosunun prezidenti Stiven Kapus çərşənbə günü açıqlamasında bildirib.

İyunun 1-də Bakı məhkəməsi müstəqil media orqanı olan Abzas Mediaya qarşı qaldırılan iş çərçivəsində Mehralızadə barəsində qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçib.

Daha sonra avqust ayında Mehralızadəyə qarşı “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ittihamlar da irəli sürülüb. Təqsirli tanınsa onu 12 ilədək həbs cəzası gözləyir.

AzadlıqRadiosu Mehralızadənin dərhal azadlığa buraxılmasına çağırıb.

“Biz onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq,” Kapus bəyanatında deyib.

AzadlıqRadiosunun məlumatına görə, Mehralızadə ilk saxlanıldığı zaman, onun evində axtarış aparılıb, maşını, kompyuteri və mobil telefonları müsadirə edilib.

Sentyabrın 6-da Mehralizadənin həbs müddəti dekabrın 19-na qədər uzadılıb.

İttiham aktında AzadlıqRadiosunun adı çəkilmir, eləcə də Mehralızadə ilə Abzas Media arasında açıq-aşkar əlaqənin olduğu göstərilmir. Bu arada isə Abzas Media bildirib ki, Mehralızadə media orqanında yalnız ekspert qismində çıxış edib.

Abzas Media Azərbaycanda fəaliyyət göstərən çox az sayda müstəqil media orqanlarından biridir. O, korrupsiya, o cümlədən ölkənin hakim ailəsi ilə bağlı iddiaları işıqlandırması ilə tanınır.

Nyu Yorkda qərargahlanan Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, Azərbaycanda ondan çox jurnalist siyasi motivli hesab edilən ittihamlarla həbsdədir. Həbs olunanlar arasında Abzas Medianın bir neçə jurnalisti də var.

CPJ və Sərhədsiz Reportyorlar da daxil olmaqla 25 vətəndaş cəmiyyəti qrupu Abzas Media işi üzrə həbs edilənlərin hamısının azadlığa buraxılmasına çağırıb.

İqtisadçı Fərid Mehralızadə məhkəməyə gətirilərkən.
İqtisadçı Fərid Mehralızadə məhkəməyə gətirilərkən.

Mehralizadənin həbsi hökumətin uzun müddətdir tənqidçilərini təqib etdiyi Azərbaycanda mətbuat azadlığının pis vəziyyətdə olduğunu vurğulayır. Azərbaycan 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb.

Azərbaycanın Vaşinqtondakı səfirliyi və Xarici İşlər Nazirliyi Amerikanın Səsinin bu xəbərə şərh tələbinə dərhal cavab verməyib.

Azərbaycan hökuməti AzadlıqRadiosunun Azərbaycan xidmətini uzun illər hədəf alıb.

2009-cu ildə “Azadlıq” radiosunun FM tezliklərində yayımı qadağan edilib, 2014-cü ildə isə onun Bakı bürosunda reyd keçirilib, ofisi bağlanıb. Xidmətin internet saytı isə üç il sonra, 2017-ci ildə bloklanıb.

Büronun keçmiş rəhbəri Xədicə İsmayılova 2014-cü ildə 18 ay müddətinə həbs edilib. AzadlıqRadiosunun məlumatına görə, 2021-ci ildə isə Azərbaycan hakimiyyəti Azadlıq Radiosunun ən azı beş jurnalistini hədəf almaq üçün Pegasus casus proqramından istifadə edib.

Mehralizadə hazırda fəaliyyətinə görə həbsdə olan AzadlıqRadiosunun dörd jurnalistindən biridir. Digər jurnalistlər Belarusda həbsdə olan İhar Losik və Andrey Kuzneçik və Rusiyanın işğalı altında olan Krımda həbsdə olan Vladislav Yesipenkodur. AzadlıqRadiosu onların hamısına qarşı irəli sürülən ittihamları saxta hesab edir və rədd edir.

Forum

XS
SM
MD
LG