Milli fəal Kərəm Mərdanənin 5 il həbsə məhkum edildiyi bildirilir

Evin həbsxanası

Bu ilin fevral ayında həbs edilərək Tehranın Evin həbsxanasına köçürülən azərbaycanlı milli fəal Kərəm Mərdanə Müstəlibəyli Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesi hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Kərəm Mərdanə Müstəlibəyli “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbir olmaq” ittihamı ilə bu cəzaya məhkum edilib. Hökmə əsasən, 5 illik həbs müddətinin 2 ili şərti olaraq dayandırılıb. Beləliklə, fəal 3 il faktiki həbs cəzası ilə üzləşib. Bundan əlavə, ona 2 il müddətinə ölkədən çıxış qadağası qoyulub və sosial hüquqlardan məhrum edilib.

Kərəm Mərdanəyə bu müddət ərzində vəkillə görüşmək icazəsi verilməyib. Hüquq müdafiəçiləri məhkəmə qərarını ədalətsiz hesab edir və onun Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğunu vurğulayırlar.

SEE ALSO: Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından audio mesajında fəallara işgəncə verildiyini bildirib

Kərəm Mərdanə ilə yanaşı, fevral ayında digər azərbaycanlı milli fəallar, o cümlədən Mürtəza Pərvin, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Vədud Əsədi, Hüseyn Piri, Araz Əman, Ayaz Seyfxah, Bağır Hacızadə, Salar Tahir Əfşar və başqaları da həbs edilib. Həmin fəalların bir qismi həbsxanadan yayımladıqları audio mesajlarda sorğu-sual zamanı kəşfiyyat qüvvələri tərəfindən ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.

SEE ALSO: Siyasi məhbus Araz Əmanın ailəsi ona verilən işgəncələr barədə danışıb

Azərbaycanlı milli fəalların əksəriyyəti “casusluq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və əlbirlik” kimi ittihamlarla qarşılaşıblar. Hüquq müdafiəçiləri bildirirlər ki, bu fəalların çoxu müxtəlif şəhərlərdə yaşayıblar və hətta bəziləri bir-birlərini ilk dəfə həbsxanada görüblər. Bu səbəbdən onlara qarşı irəli sürülən “əlbir olmaq və toplaşma” ittihamlarının əsassız və məntiqsiz olduğu vurğulanır.

Hüquq müdafiəçiləri həmçinin məhkəmə proseslərinin ədalətsizliyinə, fəalların həbs müddətində vəkillə görüşmək hüququndan məhrum edilməsinə və dindirilmə prosesində onlara işgəncə tətbiq edilməsinə diqqət çəkirlər.