Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrell Azərbaycan prezidenti İlham Əliyevin Aİ, Fransa və Niderlandın ünvanına səsləndirdiyi ittihamların təəssüf doğurduğunu deyib.
“Prezident Əliyevin Aİ, Fransa və Niderland ilə bağlı iddiaları çox təəssüf doğurur. Bu qəbuledilməz bəyanatlar konfransın mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinə inamı sarsıtmaq riski daşıyır”, Cozep Borrel X səhifəsində yazıb.
Bakıda COP29 çərçivəsində noyabrın 13-də keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən İlham Əliyev Fransa və Niderlandı neokolonizmdə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasında və ətraf mühitin korlanmasında ittiham edib.
“Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”, Prezident Əliyev deyib.
Əliyev həmçinin “Prezident Makron rejimi”nin Yeni Kaledoniyada etirazlar zamanı etirazçılara qarşı cinayətlər törətdiyini, insan hüquqlarını pozduğunu vurğulayıb və Fransadakı bütün siyasi məhbusların azad olunmalı olduğunu bildirib.
Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Panye-Rünaşe noyabrın 13-də Əliyevin Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməz olduğunu deyib və COP29-da iştirak etməyəciyini açıqlayıb.
“Azərbaycanın repressiv və libertisid rejiminin insan haqları dərsi keçməsi ironikdir. Fransa və Avropa diplomatiyasının COP28-də mədən yanacaqlarından tədricən imtinaya dair universal razılaşma əldə etməsinə baxmayaraq, Azərbaycanın mədən yanacaqlarının lehinə bəyanatlar verməsi də qəbuledilməzdir. Bu, COP sədrliyinə yaraşmır”, Panye-Rünaşe Fransa Senatındakı çıxışı zamanı vurğulayıb.
Fransa və Niderlandın yanında olduqlarını deyən Cozep Borrell Aİ və onun üzv dövlətlərinin qlobal iqlim maliyyəsinə ən böyük töhfə verənlər olduqlarını, bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşları dəstəklədiklərini bildirib.
Aİ-nin xarici məsələlər üzrə Ali Nümayəndəsi həmçinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə diqqət çəkib və repressiyaları pisləyib.
“Biz həmçinin Azərbaycan hakimiyyətinin ölkədə insan haqlarının böhranlı vəziyyəti ilə üz-üzə olan media və QHT-lərə qarşı hücumlarını rədd edirik”, Borrell vurğulayıb.