Noyabrın 14-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Amerika Mərkəzində maliyyə, investisiya və ticarət məsələləri müzakirə edilib.
Günün başlanğıcında ABŞ Maliyyə Nazirliyi və Net Zero üçün Qlazqo Maliyyə Alyansı tərəfindən “Ədalətli enerji keçidi üçün kapitalın səfərbər edilməsi” mövzusunda keçirilən müzakirələrdə bildirilib ki, özəl sektor kapitalı olmadan heç bir ölkə enerji keçidini maliyyələşdirə bilməyəcək.
Müzakirələrdə qeyd edilib ki, inkişaf etməkdə olan bazarlarda “ölkə platforma”larında dövlət və özəl kapitalı, habelə zəruri investisiya mühitləri və maliyyə strukturları üçün tələb olunan siyasətləri əlaqələndirmək lazımdır.
ABŞ Ticarət Nazirliyi, ABŞ Ticarət və İnkişaf Agentliyi və Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı tərəfindən “Qlobal tərəfdaşlar üçün ABŞ sənaye iqlimi həlləri” mövzusunda təşkil edilən sessiyada beynəlxalq iqlim məqsədlərinə nail olmaq məqsədi ilə enerjiyə çıxış və enerji təhlükəsizliyi ehtiyaclarını ödəmək üçün inkişaf edən bazarlarda ABŞ şirkətləri və ABŞ hökumətinin necə əməkdaşlıq etdiyi vurğulanıb.
Sessiyada həmçinin iqlim və təmiz enerji sektorlarında ABŞ şirkətləri üçün əlçatan ixracın maliyyələşdirilməsi alətləri də daxil olmaqla, ABŞ hökumətinin layihələrin inkişaf etdirilməsi alətlərindən danışılıb.
ABŞ Maliyyə Nazirliyinin “İnfilyasiyanın Azaldılması Aktı (IRA) beynəlxalq səviyyədə investisiyaları necə idarə edir” mövzusunda təşkil etdiyi paneldə qlobal investorların və şirkətlərin IRA-nın ABŞ-dan kənarda sərmayələri necə idarə etdiyi və beynəlxalq oyunçuların IRA-nın təqdim etdiyi imkanlardan yararlana biləcəyi bir çox yollarla bağlı perspektivlər diqqıt mərkəzində olub.
Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Milli Aeronavtika və Kosmos İdarəsi “Mərkəzi Amerikadakı kəndə kosmos” mövzusunda təşkil edilən sessiya da təşkil edib.
Bu paneldə erkən xəbərdarlıq sistemlərini genişləndirmək və bütün dünyada sağlam, davamlı icmaları, dolanışıq vasitələrini və ətraf mühiti dəstəkləmək üçün dünya səviyyəli elmin, peyk məlumatlarının və geoməkan texnologiyalarının gücündən istifadə edən USAID və NASA-nın birgə əməkdaşlığı diqqət mərkəzində olub. Məruzələrdə bildirilib ki, Asiya, Afrika və Amerikada yerli, milli və regional tərəfdaşlarla əməkdaşlıq edərək ətraf mühitə dair yerli qərarların qəbulu üçün yerin müşahidəsinə əsaslanan resurslar birgə inkişaf etdirilir. Tropik Kənd Təsərrüfatı Tədqiqatları və Ali Təhsil Mərkəzi tərəfindən həyata keçirilən xidmət Mərkəzi Amerikada iqlimə davamlılıq, fəlakətlərə hazırlıq və biomüxtəlifliyin qorunmasını dəstəkləmək üçün yer müşahidələrini tətbiq edir.
Minilliyin Çağırışları Korporasiyası, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ABŞ Mənzil və Şəhər İnkişafı Departamentinin “Miqyasda davamlılıq: ABŞ Hökumətinin İnfrastruktur İnvestisiyaları üçün Yeni Paradiqma” mövzusunda təşkil etdiyi sessiyada deyilib ki, təkcə 2022-ci ildə təbii fəlakətlər 1 milyard dollardan çox ziyana səbəb olub.
ABŞ Ticarət Palatasının məlumatına görə, 2024-cü ilədək 40-dan çox hava hadisəsi də daxil olmaqla, bütün dünyada ziyanlar 360 milyard dolları keçib. Bu tədbirdə həmçinin ABŞ-ın həm ölkə daxilində, həm də xaricdə federal siyasətlər, məkana əsaslanan xidmətlərin göstərilməsi və təsirə məruz qalmış icmalarla möhkəm, dəstəkləyici əlaqə vasitəsilə uzunmüddətli davamlılığa nail olmaq üçün həyata keçirdiyi təşəbbüslər vurğulanıb.
Bu gün Amerika Mərkəzində iqlim maliyyəsi üzrə uğurlu tərəfdaşlıqlar, investorlarla, sahibkarlarla və ekosistem qurucuları ilə potensial əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.