Tehranda yaşayan azərbaycanlı ekoloji fəal Afşin Nəziri həbs cəzasının icrası üçün məhkəməyə çağırılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Afşin Nəziri Tehran vilayətinin Pardis şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsindən bildiriş alıb. Bildirişə əsasən, o, oktyabrın 28-də cəzanın icrası üçün həmin şöbəyə getməlidir.
Afşin Nəziri daha əvvəl Pardis Ümumi və İnqilab Məhkəməsində üç müxtəlif ittihamla ümumilikdə 4 il 9 ay həbs cəzasına məhkum edilmişdi.
SEE ALSO: Güneyli ekoloji fəal Afşin Nəziri 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilibDaha sonra Tehran vilayətinin apellyasiya məhkəməsi cəzanın üçdə ikisini 5 il müddətinə şərti olaraq dayandırıb. 5 il müddətində başqa ittihamdan həbs edildiyi təqdirdə dayandırılan cəzası da tətbiq ediləcək.
Afşin Nəziri Araz çayının çirklənməsi və sənaye tullantıları səbəbilə çayın rənginin dəyişməsi ilə bağlı videolar çəkərək sosial mediada paylaşdığı üçün 2023-cü ilin avqust ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
SEE ALSO: Tehranda daha bir fəal həbs edilibMəhkəmə onu “rejimə qarşı təbliğat”, “ali dini lideri təhqir etmək” və “ölkə təhlükəsizliyini pozmaq məqsədilə qrupa üzv olmaq” ittihamları ilə cəzalandırıb. Bu ittihamlar üzrə ona müvafiq olaraq 8 ay, 16 ay və 33 ay həbs cəzası verilmişdi.
Bundan əlavə, məhkəmə həmin türk ekoloji fəalına 2 il müddətinə ölkədən çıxış qadağası qoyub və onun mobil telefonunun müsadirə edilməsinə qərar vermişdi.
İran qanunlarına görə, bir məhkəmə dosyesində müxtəlif ittihamlarla verilən cəzalar arasında ən ağır olanı icra edilir. Bu səbəbdən, Afşin Nəziri 33 ay, yəni 2 il 9 ay həbsdə olmalı idi. Lakin apellyasiya məhkəməsinin cəzanı azaldan qərarına görə, onun cəzası 1 il 10 aya endirildiyi güman edilir.
İranın Azərbaycan bölgəsində ətraf mühit fəalları, ölkənin digər hissələrində olduğu kimi, təhlükəsizlik və məhkəmə orqanlarının sərt təzyiqləri ilə üzləşirlər. Ekoloji fəallara qarşı bu yanaşma uzun müddətdir davam edir. Xüsusilə Urmiyə gölünün quruması və Araz çayının çirklənməsi kimi ciddi ekoloji problemlər qarşısında hökumətin yetərli addımlar atmaması, fəalların hakimiyyəti tənqid etməsinə səbəb olur. Nəticədə, bu fəallar hakimiyyətin ciddi təzyiqlərinə məruz qalırlar.