Accessibility links

Qərbi Azərbaycanda "Yarpaq" dərnəyinin yubiley tədbiri ləğv edilib


Yarpaq cəmiyyəti
Yarpaq cəmiyyəti

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində "Yarpaq" ətraf mühit dərnəyinin yubiley tədbirinə icazə verilməyib.

Dərnəyin İnstagram səhifəsində yayımlanan məlumata görə, "Yarpaq" cəmiyyətinin 10 illik yubiley tədbiri başlanmasına bir neçə saat qalmış, gözlənilmədən ləğv edilib. Tədbir dünən axşam Xoy şəhərinin Şəms kinoteatrında keçirilməsi planlaşdırılmışdı, lakin şəhər rəsmiləri naməlum səbəblərdən buna mane olublar.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, tədbirin ləğv edilməsinin arxasında təhlükəsizlik orqanlarının dayandığı iddia edilir. Hələ ki, nə dərnəyin İnstagram səhifəsində, nə də şəhər rəsmiləri tərəfindən bu qərarın səbəbi ilə bağlı əlavə açıqlama verilib.

"Yarpaq" dərnəyi Xoy şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Dərnək şəhərin təmizlənməsi və ətraf mühitin qorunmasının vacibliyi haqqında ictimai maarifləndirmə işləri həyata keçirir.

Ötən ilin iyulunda cəmiyyət tərəfindən təşkil olunan zibil toplama aksiyasında iştirakçılar Xoy şəhərinin ekologiyasını qorumaq məqsədilə şəhərdən zibil toplamaqla yanaşı, ətraf mühitin qorunmasının əhəmiyyəti və Urmiya gölünün mühafizəsinin vacibliyi barədə plakatlar qaldırmışdılar.

İran İslam Respublikası ümumiyyətlə birliklərin və qeyri-hökumət təşkilatlarının yaradılmasına, eləcə də mədəni fəallarının fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edir. Xüsusilə etnik azlıqların yaşadığı vilayətlərdə bu məhdudiyyətlər daha sərtdir. Hökumət qeyri-hökumət təşkilatlarının fəaliyyətini milli təhlükəsizliyə təhdid kimi qəbul etdiyi üçün həmin bölgələrdə fəallara qarşı təzyiq və nəzarət daha yüksək səviyyədə həyata keçirilir.

Forum

XS
SM
MD
LG