Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində “Yarpaq” adlı ətraf mühit grupunun üzvləri şəhərdə zibil toplama aksiyası keçirib.
Qrupun Instagram səhifəsində yayılan xəbərə görə “Xoy küçələrinin simvolik təmizlənməsi” adlı tədbir zamanı bu ətraf mühit qrupun üzvləri Xoy şəhərində zibil yığma fəaliyyəti aparmaqla yanaşı, Urmiyə gölünün vəziyyəti ilə bağlı xəbərdarlıq edən plakatlar nümayiş etdiriblər.
Üzərində “Gözəl Yurdum Gözəl Evim” şüarı olan yaşıl jiletlər geyinən bu ətraf mühit qrupu üzləri bu gün, iyulun 27-də şəhərdə zibil yığma fəaliyyəti göstərdiyi zaman “Urmu gölü can verir” və "Urmiyə gölünün su payını bənlərdən buraxın" sözləri yazılmış plakatlar nümayiş etdiriblər.
Bu qrupun üzvlərinin nümayiş etdirdiyi plakatlarda dərc olunan şüarlar arasında İran Azərbaycanının ətraf mühitinə təhlükə yaradan digər ekoloji problemlər də görünür.
Fəalların şəhərdə nümayiş etdirdikləri plakatlarda “Çirkləndirici sənayelər insanların həyatının bəlasıdır”, “Plastik çirklənmə riski ciddidir”, “Su çatışmazlığı problemini siyasiləşdirməyək” və “Araz çayının çirklənməsi bölgədə xərçəng riski ilə bərabərdir” kimi şüarlar da əks olunub.
İran Azərbaycanı müxtəlif ekoloji problemlərlə üzləşir ki, onlardan ən böyüyü Urmiyə gölünün qurumasıdır.
Araz çayının çirklənməsi və bölgə əhalisi arasında xərçəng xəstəliyinin artması, Azərbaycanın şəhər və kəndlərində içməli suyun çatışmazlığı Azərbaycan xalqı üçün ciddi təhlükə sayılan digər ekoloji problemlərdir.
Bir çox yerli fəallar və müşahidəçilər Urmiyə gölünün qurumasına görə Tehrandakı mərkəzi hakimiyyəti fəaliyətsizlikdə və etinasızlıqda günahlandırır. Rəsmi Tehran isə iddiaları qəbul etmir və Urmiyə gölündə baş verənləri təbii fəlakət kimi qiymətləndirir.