Milli fəallardan Rəhim Sasani Ümumi və İnqilab Prokurorluğunun 1-ci şöbəsinə çağırılıb.
O, özünün Instagram hesabında paylaşdığı məlumata görə, son müdafiəsini təqdim etmək üçün məhkəməyə dəvət olunduğunu bildirib.
Rəhim Sasani keçən ilin iyul ayında Xudafərin şəhərində, Araz çayı sahilində təhlükəsizlik qüvvələri tərəfindən daha beş milli fəalla birlikdə saxlanılmışdı.
Saxlanılan fəallar arasında Mustafa Əvəzpur, Cəfər Nuri, Məhəmməd Mərdi, Sədullah Sasani və Məhəmməd Əlipur da yer alıb. Onlar təhlükəsizlik qüvvələrinin təcridxanasında bir günlük sorğu-sualdan sonra müvəqqəti olaraq zaminə buraxılmışdılar.
Fəallar Ermənistan zavodlarının tullantıları ilə Araz çayının çirkləndirilməsinə qarşı keçirdiyi simvolik aksiyası zamanı həbs ediliblər və təxminən bir həftə sonra "nizama qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə məhkəmədə mühakimə olunublar.
O dövrdə bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumatlara əsasən, İkinci Qarabağ müharibəsi ilə bağlı yaranan ictimai ab-hava səbəbindən təhlükəsizlik qüvvələri Araz çayı sahilində insanların toplaşmasına xüsusi diqqət yetirirdi. Həmçinin, Araz çayı və Xudafərin körpüsü ətrafında toplaşma qadağan edilmişdi.
Zavod tullantılarının Araz çayına axıdılması nəticəsində çay dəfələrlə güclü çirklənib və suyunun rəngi dəyişib. İndiyə qədər buna etiraz edən və ya çay suyunun çirklənməsini tənqid edən bir neçə ətraf mühit və milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq müxtəlif ittihamlarla mühakimə edilib.
Çayın çirklənməsi ilə bağlı yayılan xəbərləri İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami təkzib edib. O, çayın çirklənməsi haqqında mətbuatda yayılan məlumatları "şayiə" adlandıraraq, çay suyunun davamlı olaraq yoxlanıldığını bildirib.
Forum