Cəzaçəkmə müəssisəsində məhbuslar arasında mövsümü xəstəliyin yayıldığı bildirilir

Zamin Salayev

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev həmkarı AXCP fəalı Ceyhun Novruzova zəng edərək cəzaçəkmə müəsisəsində mövsünmü qrip xəstəliyi yayıldığını bildirib.

Ceyhun Novruzov Facebook hesabında Zamin Salayevə istinadən yazıb: "İki gündür qızdırmam düşmür, öskürək, qrip, titrəmə, bütün xəstəliklər qarışıb bir-birinə. Mənim kimi cəzaçəkmə məntəqəsində dustaqların yarıdan çoxu bu xəstəlikdən əziyyət çəkir. Həkimləri iş yerlərində tapmaq olmur, həkimləri tapıb müraciət edirsən, deyir ki, dərman yoxdur, mən nə edim? Adicə asprin yoxdur, zonda vəziyyət kritikdir, ölürük burda heç kim baxmır", Salayev telefon danışığı zamanı bildirib.

Ceyhun Novruzov yazıb ki, həqiqətən Zaminin səsi çox pis gəlib.

“Qızdırmasının hal-hazırda çox yüksək olduğunu dedi. Tək Zamin yox, dustaqların yarıdan çoxunun vəziyyəti çox ağırdır”, o qeyd edib.

Bununla yanaşı, digər məhbusların xəstəliyə tutulub-tutulmadığı barədə onların yaxınları və vəkillərindən məlumat almaq mümkün olmayıb.

Öz növbəsində, Ədliyyə Nazilriyinin Mətbuat xidməti də bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilinib. 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib.

Çoxsaylı beynəlxalq təşkilat, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.