Beynəlxalq təşkilatlar AŞPA-nı Azərbaycandakı repressiyalarla bağlı qəti addımlar atmağa çağırır

Arxiv fotosu: Azərbaycan polisi Bakıda etiraz aksiyasına çıxan vətəndaşı saxlayır

Human Rights House Foundation (HRHF) və digər beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası Parlament Assambleyasını (AŞPA) Azərbaycanda davam edən repressiyalara cavab olaraq qəti addımlar atmağa çağırır.

“Azərbaycanın etimadnaməsinin yenilənməsi ilə bağlı 2025-ci ilin yanvarında keçiriləcək səsvermədən əvvəl AŞPA Azərbaycan nümayəndə heyətinin assambleyaya yenidən qəbul olunması üçün aydın meyarlar hazırlamalı və həyata keçirməlidir”, beynəlxalq təşkilatların sentyabrın 25-də yaydığı bəyanatda vurğulanır.

10-dan artıq tanınmış hüquq müdafiə təşkilatının imzası ilə yayılan çağırışda bildirilir ki, AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərarından sonra Azərbaycan hökuməti insan haqları müdafiəçiləri, vəkillər, müstəqil jurnalistlər, müxalifət siyasətçiləri, vətəndaş cəmiyyəti fəalları və akademik icmaya qarşı amansız repressiyalarını daha da gücləndirib.

“Azərbaycan tənqidi səslərə qarşı uzunmüddətli və yaxşı sənədləşdirilmiş repressiya təcrübəsinə malik olsa da, son bir ildə hakimiyyət əsassız, lakin ciddi cinayət ittihamları ilə müstəqil vətəndaş cəmiyyətinin və medianın son qalıqlarını hədəfə alaraq, repressiyalarını sürətləndirib”, müəlliflər qeyd edir.

Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanın Avropa Şurasının İşgəncə Əleyhinə Komitəsi ilə əməkdaşlığı dayandırması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı Azərbaycanın Avropa Şurasına üzv ölkələr arasında ən pis göstəriciyə sahib olmasına dair narahatlıqları bölüşüb.

SEE ALSO: AŞPA-nın Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə etməsi gözlənilir

AŞPA-nın 30 sentyabrda start götürəcək payız sessiyasında təcili debatlar proseduru üzrə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.

İnsan hüquqları təşkilatları AŞPA-nı Azərbaycanda haqsız yerə həbs edilmiş bütün şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, onların mülki və siyasi hüquqlarının tam bərpasını, Azərbaycanda tənqidi səslərə qarşı təqiblərə son qoyulmasını tələb etməyə çağırıblar.

Bundan əlavə, AŞPA-dan Avropa Şurasının Baş katibini Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına uyğun öhdəliklərini yerinə yetirməsi ilə bağlı Konvensiyanın 52-ci maddəsinə əsasən rəsmi araşdırma açmağa çağırması istənilir.

Azərbaycan nümayəndə heyətinin assambleyaya yenidən qəbul olunması üçün aydın meyarların hazırlanmalı olduğunu qeyd edən müəlliflər, bu meyarların özündə siyasi məhbusların azad edilməsi və siyasi motivli təqiblərə son qoyulması, AİHM qərarlarının tam icrası, AŞPA məruzəçiləri və CPT ilə tam əməkdaşlığın bərpası, qeyri-hökumət təşkilatları məhdudlaşdırıcı qanunvericiliyin dəyişdirilməsi kimi məsələləri ehtiva etməli olduğunu vurğulayır.

SEE ALSO: HRW COP29 öncəsi insan haqlarının müdafiəsinə çağırır

Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatının sentyabrın 24-də yaydığı bəyanatda olduğu kimi burada da, Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında vətəndaş cəmiyyətinin məzmunlu iştirakı ilə bağlı narahatlıq ifadə edilir.

HRW Azərbaycan hakimiyyətini ifadə və dinc toplaşma kimi əsas azadlıqları təmin etməyə, siyasi motivli ittihamlarla həbs edilənləri azad edərək vətəndaş cəmiyyətinin qlobal konfransda hərtərəfli və məzmunlu iştirakına şərait yaratmağa çağırıb. Təşkilat, həmçinin, COP29-da iştirak hökumətləri bu istiqamətdə aydın mesaj verməli olduğunu qeyd edib.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda jurnalist və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, bütün hüquq və azadlıqların qorunduğunu iddia edir.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir.