Futbol üzrə İran Premyer Liqasının dördüncü həftəsində Traktor Azərbaycan və Zobahan İsfahan komandaları arasında keçirilən oyun 13 sentyabr tarixində Təbrizin Səhənd stadionunda baş tutub. Bu oyun Zobahan komandasının 1-0 qələbəsi ilə başa çatıb və bununla da Traktor mövsümdəki ilk məğlubiyyətini ev oyununda alıb. Hazırda Traktor komandası Premyer Liqada ikinci sırada, İsfahanın Sepahan komandasından sonra qərarlaşıb.
Bu oyunda qadınların Səhənd stadionuna girişi yenə də qadağan olunub. Traktor azarkeşləri, əvvəlki oyunlarda olduğu kimi, oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə (məktəb) olmalıdır hər kəsə” şüarını səsləndiriblər. Bu şüarın hər oyunun 15-ci dəqiqəsində səsləndirilməsi simvolik olaraq İran İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsinə işarə edir, bu maddəyə görə yerli dillərin ədəbiyyatının məktəblərdə tədrisi sərbəstdir.
SEE ALSO: Traktor klubunun sahibi İran dövlət televiziyasında kluba qarşı ayrı-seçkiliyinə son qoyulmasını tələb edibTraktor tərəfdarları bu şüarı artıq köhnə bir ənənə halında, hər oyunun 15-ci dəqiqəsində səsləndirirlər. Bəzən oyunun dövlət televiziyasında yayımı zamanı stadionun səsi kəsilir ki, bu şüar yayımlanmasın.
Konstitusiyanın 15-ci maddəsinə görə, "İran xalqının rəsmi və ortaq dili və yazısı fars dilidir. Fars dili ilə yanaşı, mətbuat və kütləvi informasiya vasitələrində istifadəsi və məktəblərdə onların ədəbiyyatının tədrisi sərbəstdir." Lakin yerli dillərin məktəblərdə tədrisini vəd edən bu maddə, İslam Respublikasının yaradılmasından 45 il keçməsinə baxmayaraq, hələ də tam olaraq həyata keçirilməyib.
İran azərbaycanından olan bir çox hüquq müdafiəçisi və ictimai və siyasi fəallar hesab edirlər ki, bu maddə fars olmayan dillərin hüquqlarına natamam şəkildə yanaşır və BMT-nin İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt kimi beynəlxalq insan hüquqları standartları ilə müqayisədə qeyri-müəyyənlik və çatışmazlıqlara malikdir. Konstitusiyanın 15-ci maddəsi etnik azlıqların ədəbiyyatının tədrisini təmin etsə də, bəzi İran azərbaycanlılarından olan siyasi fəallar əsas tələbin tam olaraq ana dilində təhsil olduğunu irəli sürür.
Həmçinin, dil hüquqları bu etnik azlıq qrupu üçün mədəni kimliklərini qorumaq və bu bölgədə sosial-iqtisadi mövqelərini gücləndirmək üçün böyük səylərin bir hissəsi kimi qəbul olunur.
Digər tərəfdən, qadınların stadionlara daxil olması qadağası İranda qadın hüquqları ilə bağlı ciddi problemlərdən biri olaraq qalmaqdadır. Uzunmüddətli tələblərə baxmayaraq, qadınlar yalnız bir dəfə Təbrizdə Səhənd stadionuna daxil ola bilib və komandalarını yaxından dəstəkləyiblər. Bu oyun bu ilin aprel ayında keçirilib və Traktor azarkeşləri qadınların 5 min nəfərlik stadionda iştirakını müsbət qarşılayaraq “Azərbaycan qızları göylərin ulduzları” şüarını səsləndiriblər.
SEE ALSO: Traktor komandasının minlərlə qadın azarkeşi Səhənd stadionunda futbol matçını izləyibRəsmilər daim lazımı infrastrukturun mövcud olmamasını qadınların stadionlara buraxılmamasının əsas səbəblərindən biri kimi göstərirlər. Lakin insan hüquqları müdafiəçiləri və bir çox müşahidəçilər hesab edirlər ki, qadınların stadionlara buraxılmamasında hakimiyyətdəki ifrat qrupların təzyiqi mühüm rol oynayıb.
İranın qadın hüquqları və etnik azlıqların bərabər hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə baxmayaraq, heç bir ciddi irəliləyiş müşahidə olunmur. 2022-ci ildə genişmiqyaslı və uzunmüddətli etirazlara baxmayaraq, qadınlar və etnik azlıqlar hələ də bir çox sahələrdə öz hüquqlarından məhrumdurlar.