Accessibility links

İranda qadınların futbol stadionlarına girişi yenidən qadağan edilib


Traktor qadın azarkeşləri
Traktor qadın azarkeşləri

İran Futbol Federasiyası bütün futbol klublarına xəbərdarlıq edərək, qadınların stadionlara daxil olmasına növbəti bildirişə qədər qadağa qoyulduğunu elan edib.

Şərqi Azərbaycanın İdman və Gənclər İdarəsi rəhbəri Həbib Sotudenejadın verdiyi məlumata görə, Futbol Federasiyası bu barədə klublara xüsusi məktub göndərib. Məktubda qeyd olunur ki, stadionlar yoxlanılana qədər qadınların oyunları izləmək üçün stadionlara daxil olmasına icazə verilməyəcək.

Federasiya bu qərarı stadionlarda qadınlar üçün yetərli infrastrukturun olmaması ilə əsaslandırıb. Bəzi stadionlarda qadınlar üçün xüsusi giriş və çıxışların olmaması, eləcə də digər texniki problemlər bu qadağanın tətbiqinə səbəb kimi göstərilib.

Qadağa İran Premyer Liqası oyunlarına şamil edilir, lakin Asiya Oyunlarında tətbiq edilməyəcək. Bu qərar İranda qadınların stadionlara giriş hüququ ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.

Qadınların stadionlara daxil olması ilə bağlı məsələ son illərdə bir çox dəfə müzakirə olunub və müxtəlif dövrlərdə icazə verilib və ya qadağan edilib. FİFA qadınların stadionlara daxil olması üçün şəraitin yaradılması məqsədilə İran Futbol Federasiyasına təzyiq göstərsə də, ölkədəki bəzi siyasi dairələr qadınların stadionlara daxil olmasına qarşı çıxır və buna mane olur.

Bu vaxta qədər İranda azərbaycanlı qadınlar yalnız bir dəfə Təbriz şəhərində keçirilən Premyer Liqa oyununda Traktor və Zobahan komandaları arasındakı matçda Səhənd stadionuna daxil ola biliblər. Bundan sonra qadınların stadionlara girişi yenidən qadağan edilib. Bu matçdan əvvəl Təbrizdə qadınlar Asya oyunları çərçivəsində Traktor və Əl-Şarcə oyununda çox məhdud sayda stadiona girə bilmişdilər.

Forum

XS
SM
MD
LG