İran mediası qadınların Təbrizin Səhənd futbol stadionuna daxil olmasına icazə verildiyini yazır.
Mehr xəbər agentliyi İran Futbol Federasiyasının Şərqi Azərbaycan vilayətindəki nümayəndəsinə istinadən yazıb ki, qadınlar Traktor və Zobahan matçında stadiona daxil olaraq futbol oyununa baxa bilərlər.
İranın Futbol Federasiyasına bağlı olan Şərqi Azərbaycan Futbol Şurasının baş katibi Əli Xakzad bildirib ki, vali Malik Rəhməti Təbrizin Səhənd stadionunu ziyarət edib və bundan sonra qadınların stadiona girişini asanlaşdırmaq üçün "stadionun imkanlarını yoxlamaq üçün müvafiq qurumların nümayəndələrinin iştirakı ilə birgə iclas keçirilib."
Xakzadın dediynə görə, bu iclasda vilayətin futbol şurası, İdman və Gənclər İdarəsi, Traktor Klubu və digər qurumların nümayəndələri iştirak ediblər.
Görüşdə qadınların stadiona daxil olması üçün aprelin 12-dək, yəni “Traktor” – “Zobahan” matçının keçiriləcəyi vaxta kimi stadionun bütün çatışmazlıqlarının aradan qaldırılması qərara alınıb.
Bundan əvvəl Traktor İsfahan və Ərak vilayətlərinin komandaları ilə yarışacaq və bu oyunların hər ikisi Təbrizdə keçiriləcək. Lakin bu matçlarda qadınların stadiona daxil olmasına izin verilməyəcək.
Ötən ilin avqustunda Təbrizdə qadınlar məhdud sayda stadiona daxil olduqdan sonra rəsmilər qadınlar üçün Səhənd stadionunda şəraitin olmadığını bəhanə edərək, onların stadiona daxil olmasına mane olublar.
Forum