İranın bəzi şəhərlərində qadınların futbol stadionlarına getmək və futbol oyunlarını izləmək hüququ olsa da, Təbrizdə qadınlar hələ də bu hüquqdan məhrumdurlar.
Təbrizli qadınlar avqustun 22-də şəhərdəki Səhənd stadionuna daxil olaraq “Traktor” - “Əl-Şarcə” matçını bir dəfə izləyə biliblər. Lakin o vaxtdan etibarən hakimiyyət qadınların stadiona getməsi üçün lazımi infrastrukturun olmaması bəhanəsi ilə qadınları stadiona buraxmır.
O vaxtdan 7 aydan çox vaxt keçib və Təbrizin Səhənd stadionunda keçirilən heç bir oyunda qadınların iştirakına icazə verilməyib.
Təxminən bir həftə sonra, aprelin 3-də Təbrizin Səhənd stadionunda “Sepahan” - “Traktor” matçı keçiriləcək və “Traktor” azarkeşləri böyük ehtimalla bu qarşılaşmanı böyük həvəslə qarşılayacaqlar.
Bu arada “Traktor”un qadın azarkeşləri də stadiona gedərək sevimli komandalarını alqışlamaq istəyirlər. Amma oyunun yaxınlaşmasına baxmayaraq, qadınların Təbrizdəki stadiona daxil olub-ola bilməyəcəyi ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
Qadınların futbol matçlarında tamaşaçı qismində iştirakı 1979-cu il inqilabından sonra qadağan edilib. Ancaq bəzi qadınlar 90-cı illərdən indiyədək qadınların stadiona girmə azadlığını tələb edir.
2019-cu ildə bir sıra qadınların ilk dəfə İran və Kamboca matçını izləmək üçün Tehranın Azadi Stadionuna daxil olmasına icazə verilib. Bu, Dünya Futbol Federasiyasının İranın stadionları qadınlara qadağa etdiyi təqdirdə, İran futboluna sanksiya tətbiq edəcəyi ilə bağlı təhdidindən sonra mümkün olub.
Forum