İranın Futbol Federasiyası Təbrizin Traktor Azərbaycan klubunu azarkeşlərinin səsləndirdiyi şüarlara görə 100 milyon tümən cərimələyib.
“Traktor klubu Fulad (Polad) komandası ilə oynadığı matç zamanı ona mənsub tərəfdarların davranışları üzündən Futbol Federasiyasınının İntizam Komitəsinin qərarı ilə 100 milyon tümən cərimələnib,” yarı-rəsmi Tasnim agentliyi bildirib.
Noyabrın 24-də keçirilən Traktor-Fulad oyununda Traktor 2-0 hesabı ilə qalib gəlib. Agentliyin xəbərinə görə, Traktor həmin matç zamanı “idman qaydalarına zidd şüarların sələsləndirilməsi səbəbilə cərimələnib.”
Traktor komandasının tərəfdarları stadionlarda səsləndirdikləri milli-siyasi məzmunlu şüarlar ilə tanınır. Ancaq, klubun tam olaraq hansı şüarlar səbəbilə cəzalandırıldığına dair məlumat yayılmayıb.
İranın Futbol Federasiyası keçən həftə Traktor klubundan matç zamanı səsləndirilən “idman qaydalarına zidd şüarlar” haqqında açıqlama tələb etmişdi.
“Varzesh 3” internet portalının bildirdiyinə görə, Traktor klubunun cərimələnməsi eyni zamanda bir sonrakı matçda azarkeşlərinin stadiona gəlməkdən məhrum olunacağı anlamına gəlir.
“Traktorun daha əvvəldən bir məhrumiyyət cəzası da var. İndi bu cərimə ilə birlikdə o cəza da aktivləşib və Traktor bir oyun tərəfdarlarının stadiona gəlməsindən məhrum ediləcək,” Varzesh 3 bildirib.
İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Traktor Azərbaycan futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.
Forum